OVUCDA DƏYİRMAN DAŞI

Yazar: Məsiağa Məhəmmədi | 10.6.08 | | 0 şərh »
yaxud

"KULTAZ"IN "TƏNQİD HƏFTƏSİ"NƏ SÖZARDI

İşim elədir ki, vaxtaşırı cürbəcür elmi konfransların, şuraların, seminarların, dissertasiya müdafiələrinin iştirakçısına çevrilirəm. Bu yığıncaqlarda istər-istəməz məruzəçi, ekspert, opponent, iddiaçı qismində çıxış edən müxtəlif rütbəli (akademikdən tutmuş elmlər namizədinədək) alimlərin fikirlərini, təhlil və qiymətləndirmələrini dinləməli oluram. Həmin nitqlərdə, bir qayda olaraq, əsas mətləbdən qaçılması, ucundan tutulub ucuzluğa gedilməsi sayəsində məsələnin məğzinin, klassiklər demiş, "pərdə arxasında qalması", nə qədər paradoksal görünsə də, çox vaxt düzgün aparılan təhlildən adekvat olmayan nəticə çıxarlması… doğrusu, adamı yorur və bıkdırır. Üstəlik, bu tipli çıxışlara yalançı pafos və saxta bəlağət qarışanda, təmiz dilxor olursan və barmağının işarəsi ilə sədrdən icazə alıb siqaret çəkmək üçün bayıra çıxmaqdan özgə yolun qalmır.

Amma iş bununla bitmir. Az qala elə gün olmur ki, mətbəə qoxusu üstündən çəkilməmiş bərli-bəzəkli monoqrafiyaları, nəzm və nəsr kitablarını, çox vaxt müəlliflərin hesabına buraxılan "pullu" elmi məcmuələri, konfrans materialları və tezislərdən ibarət qalın-nazik topluları sənə təqdim etməsinlər. Onları vərəqləyib məzmununa varınca, yenə ovqatın təlx olur, bezirsən. Bu hələ harasıdır? Evə gəlirsən. Televiziya kanallarında az-çox ciddi bir veriliş tapıb yerini rahatlayırsan. Dəxli yoxdur, mövzu siyasətdir, yoxsa iqtisadiyat, yainki mədəniyyət. Fərqi yoxdur, çıxışçı partiya sədridir, deputatdır, politoloqdur, iqtisadçıdır, yaxud ədib. Ümumi mənzərə eynidir. Qəzetlərə, saytlara üz tumalı olursan. "Yenə həmin dalğa, həmin koordinat".
Bütün bu acı təəssüratın sonucunda vaxtaşırı dahi Mövlananın "Fihi ma-fih" əsərindən hardasa iyirmi il əvvəl oxuduğum və yaddaşıma həmişəlik həkk olunmuş bir hekayəti xatırlamalı oluram: "Padşahın bir oğlu varmış. Ondan dövlət başçısı çıxmayacağını anlayıb onu münəccimlərə və rəmmallara verir ki, barı bu sahələrdə bir şey öyrənib uğur qazansın. Bir müddət keçəndən sonra ustadlar padşaha məlumat verirlər ki, bildiklərinin hamısını oğluna öyrədiblər, indi o kamil bir rəmmaldır. Padşah bu məlumatın düzgünlüyünə əmin olmaq üçün oğlunu imtahan etmək qərarına gəlir. Barmağındakı üzüyü çıxarıb ovcunda gizlədir və müəllimlərinin yanında oğlunu çağıraraq soruşur: "Oğlum, de görüm, ovcumdakı nədir?" Oğlan bütün biliklərini işə salıb beyninə güc verir və deyir: "Sənin ovcundakı yumru bir şeydir". Padşah sevincək: "Düzdür, sonra?" – söyləyir. Oğlan bir qədər duruxub: "Rəngi də sarıdır, ortası deşikdir, özü də mədəndən çıxarılır" – deyir. Padşah dözməyib qışqırır: "Bütün əlamətləri düz dedin, tez ol, söylə, ovcumdakı nədir?" Oğlan qayıdır ki: "Dəyirman daşı!" Padşah heyrət qarışıq təəssüflə əlini dizinə çırpır: "Sən ağlı heyran qoyan bu qədər dəqiq əlamətlər dedin, bəs necə bilmədin ki, dəyirman daşı ovuca sığmaz?!"
Sonuncu dəfə mən bu hekayəti dəyərli tənqidçi və tərcüməçi Cavanşir Yusiflinin "Ədəbi prosesin dolanbacları və ya heç nədən hay-küy" və "Azərbaycan ədəbiyyatında nə baş verir?" başlıqlı məqalələrinə reaksiyaları görəndə, eləcə də hörmətli kultaz.com saytının "Tənqid həftəsi" çərçivəsində verilən yazılar və şərhlərlə tanış olanda xatırladım. Və bu dəfə sizlərə də danışmaq istədim…



0 şərh