“TƏRCÜMƏ ÇƏLƏNGİ” İŞIQ ÜZÜ GÖRÜB

Yazar: Məsiağa Məhəmmədi | 15.4.12 | | 0 şərh »

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “İran filologiyası” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin “Tərcümə çələngi” kitabı işıq üzü görüb.
Şərqşünaslıq İnstitutundan Gün.Az-a verilən məlumata görə, kitaba M.Məhəmmədinin müxtəlif illərdə fars, rus və türk dillərindən etdiyi tərcümələr – şeir və nəsr nümunələri, məqalə və müsahibələr daxil edilib.
Toplunun “Şeir” hissəsində çağdaş Çin (Ay Kinq), ərəb (Fədva Toqan, Nizar Qəbbani, Qasım Həddad), Türkiyə (Əhməd Ünal Çam, Mehparə Ögüt) şairləri ilə bərabər İranın farsdilli poeziyasının inkişafında xidmətləri olan cənubi azərbaycanlıların (Məftun Əmini, Hüseyn Münzəvi, Şəhram Şeydayi, Məzahir Şəhamət, Rəsul Yunan) şeirlərinin tərcümələri verilib.
Eyni zamanda, burada Azərbaycan xalqının görkəmli şairi Məhəmmədhüsyen Şəhriyarın “Mövlana Şəms Təbrizinin xanəgahında” adlı 123 beytlik şeirinin filoloji tərcüməsi də təqdim olunur.
“Nəsr” hissəsində Frans Kafka, Xorxe Luis Borxes, Per Lagervist, Qulamhüseyn Saidi, Henrix Böll, Raziyə Tüccar, Fridrix Dürrenmatt, Spujməy Zərrab, Şəhruz Rəşid kimi nasirlərin hekayələri ilə tanış olmaq mümkündür.Bu əsərlərdə Şərq yazıçılarının Qərbə, Qərb yazıçılarının isə Şərqə meyli özünü açıq-aydın göstərməkdədir.
“Məqalə” başlıqlı hissədə klassik və müasir ədəbiyyatın müxtəlif problemlərinə həsr edilmiş maraqlı məqalələr toplanıb.Burada İren Məlikovanın “Yunus Əmrə və Hacı Bektaş”, Katerina Momzenin “Höte müsəlman idimi?”, Robert B.Reyin “Postmodernizm nədir?” və digər məqalələrin tərcümələri təqdim olunur.
“Müsahibə” hissəsində rus yazıçısı Vladimir Nabokov, Meksika yazıçısı Karlos Fuentes, Livan şairi Məhəmməd Əli Şəmsəddin, serb yazıçısı Milorad Paviç və digərləri ilə müsahibələr verilir.

Kamil Həmzəoğlu


http://www.gun.az/culture/32072

Davamı