“DƏRDİM MƏNƏ DƏRMAN İMİŞ…”

Yazar: Məsiağa Məhəmmədi | 30.7.08 | | 0 şərh »

Bir müddət əvvəl üzvü olduğum və özümə yeni dostlar tapdığım “Bloqcataloq”da növbəti gəzişməmdə maraqlı bir bloqa rast gəldim. “Sufi Saja” adlı bu bloq insanın iç dünyasına, mənəvi-ruhani yüksəlişinə dair dəyərli materiallarla zəngindir və mən ona baş çəkməyi bu sətirləri oxuyan hər kəsə tövsiyə edirəm. Amma orada mənim diqqətimi xüsusi olaraq çəkən “Dərd” başlığı ilə verilmiş bir şeir oldu. Az qala unutmuş olduğum bir mətnlə - böyük türk sufi şairi Niyazi Misrinin (1618-1693) ölməz misraları ilə yenidən qarşılaşdım. Oxudum, bir də oxudum. Bir daha Əhməd Yəsəvidən, Şəms Təbrizidən, Mövlanadan, Nəsimidən, Yunus Əmrədən… gələn ruhu-düşüncəni türkcədə “əlçatmaz sadəlik”lə (səhlül-mümtəne) ifadə edən sətirlərin mənasına daldım. Və şeirin sözügedən bloqda verilmiş mətnindəki əyər-əskikləri islah edib Azərbaycan türkcəsinə uyğunlaşdırmaqla, dəyərli istifadəçilərimə təqdim etmək istəyindən vaz keçə bilmədim. Buyurun, siz də oxuyun:

Dərman arardım dərdimə, dərdim mənə dərman imiş,
Bürhan sorardım əslimə, əslim mənə bürhan imiş.

Sağı solu gözlər idim, dost üzünü görsəm deyə,
Mən taşrada arar idim, ol can içində can imiş.

Öylə sanırdım ayrıyam, dost qayrıdır, mən qayrıyam.
Məndən görüb eşidəni, bildim ki, ol canan imiş.

Sövmü səlatü Həcc ilə sanma bitər, zahid, işin
İnsani-kamil olmağa lazım olan irfan imiş.

Hardan gəlir yolun sənin, ya harda varır mənzilin?!
Hardan gəlib getdiyini anlamayan heyvan imiş.

Mürşid gərəkdir bildirə, Haqqı sənə həqqül-yəqin,
Mürşidi olmayanların bildikləri güman imiş.

Hər mürşidə dil vermə kim, yolunu sarpa uğradar,
Mürşidi kamil olanın qayət yolu asan imiş.

Anla həmən bir sözdürür, yoxuş deyildir, düzdürür,
Aləm hamı bir üzdürür, görən onu heyran imiş.

Eşit Niyazinin sözün, gizləməz əsla Haqq üzün,
Haqdan əyan bir nəsnə yox, gözsüzlərə pünhan imiş.

____________

Bürhan – dəlil, sübut
Dost – burada: yar, sevgili, yəni Tanrı
Taşra – dışarı, bayır
Qayrı – qeyri, başqa
Sövm – oruc
Səlat - namaz
Həqqül-yəqin – yəqin bilik, gerçək bilik
Sarpa uğratmaq – sapdırmaq, azdırmaq



Davamı

“OK” SÖZÜ NECƏ YARANIB?

Yazar: Məsiağa Məhəmmədi | 30.7.08 | | 0 şərh »

Təsdiq mənasında işlənən “OK” (o-key) sözü demək olar, beynəlxalq bir kəlməyə çevrilmişdir. Bu işdə, əlbəttə, kompüterin rolu böyük olmuşdur: hər gün bilgisayarda, Allah bilir, neçə dəfə “OK” düyməsini basmalı oluruq. Hələ onu canlı danışıqda, müxtəlif filmlərdə eşitdiyimiz halları demirəm. Və bu sözün çox maraqlı bir yaranma tarixçəsi var:
ABŞ-dakı anbarların birində savadsız bir anbardar varmış. Müdiriyyətin tapşırığına əsasən, o hər gün anbardakı malları yoxlamalı və onların sayı düz olduğu təqdirdə kisələrin üzərinə “All Correct” (“ol kərekt”, yəni “hamısı düzdür”) sözlərini yazmalı idi. Bəzi hərfləri tanıyan anbardar ingilis sözlərinin yazılış və tələffüzündəki fərqlərdən xəbərsiz şəkildə kisələrin üzərinə O.K. yazmağa başlayır.

Anbar müdiri bunun nə demək olduğunu soruşanda isə, “ol kərekt” ifadəsini qısaca, yəni baş hərflərilə yazdığını bildirir. Müdir buna xeyli gülsə də, tapıntı xoşuna gəlir və “OK”-dən istifadə anbarda qayda kimi qəbul olunur. Daha sonra bu söz digər anbarlardakı malların üzərində peyda olur. Tədricən həmin savadsız anbardarın “kəşfi” başqa sahələrə də keçir və get-gedə ümumişlək bir sözə çevrilir.

Davamı

11 YAŞINDA… 6 KİTAB MÜƏLLİFİ

Yazar: Məsiağa Məhəmmədi | 30.7.08 | | 0 şərh »

Hindistanda yaşayan 11 yaşlı uşaq qeyri-adi istedadı ilə dünyaya səs salıb. Əsil dahi sayıla biləcək bu uşaq riyaziyyata dair 6 kitab yazıb. Bu üzdən ərazisinə və əhalisinin sayına görə Hindistanın dördüncü ştatı sayılan Andra Pradeşin bu balaca sakininin adı Ginnesin rekordlar kitabına düşüb.
Fenomenal yaddaşı olan həmin uşaq müxtəlif adları yadında saxlamaq qabiliyyəti ilə də insanları heyran qoyur.

Valideynlərinin dediyinə görə, doqquz yaşında ikən onda riyaziyyata xüsusi maraq oyanıb və o öz səylərini ilk növbədə mürəkkəb riyazi məsələlərin sadə həllini tapmaq istiqamətində cəmləşdirib. Yazdığı altı kitab da məhz bu axtarışların nəticəsi olraq meydana gəlib.

Davamı

YE, YAT, DANIŞ…

Yazar: Məsiağa Məhəmmədi | 30.7.08 | | 0 şərh »

Rusiya alimləri insanla bağlı araşdırmalarının nəticəsi olaraq, maraqlı statistik rəqəmlər açıqlayıblar. Orta insan ömrünü 70 il götürən tədqiqatçılar müəyyən ediblər ki, insan bunun 13 ilini danışır, 6 ilini yeyir, 23 ilini isə yatır. Hər bir insan ömrü boyu orta hesabla yüz tonlarla qida qəbul edir. Çəkisi 75-80 kiloqram olan adam həyatı ərzində bundan 1250-1335 dəfə artıq yemək yeyir.

İnsan bir gündə 1000 litr hava tənəffüs edir və ürəyi dəqiqədə 80-100 dəfə vurur. Bu hesabla insanın ürəyi ömrü boyunca 2 milyard 58 milyon dəfə dayanmadan döyünür. Bir ildə isə insan ürəyi bütövlükdə 100 min dəfə vurur.
Yer kürəsindəki insanların 99.9 %-də genetik oxşarlıq mövcuddur. İnsan və şimpanze genlərinin 98.5 %-i eynidir.
Və… dünya əhalisinin 50 %-i ömrü boyu telefondan istifadə etməyib. İstifadəçiləri durmadan artan kompüterə gəldikdə isə, məlum olub ki, dünyada hər 5 saniyədən bir hansısa kompüterə virus düşür…


Davamı

İNTERNETDƏ NEÇƏ SAYT VAR?

Yazar: Məsiağa Məhəmmədi | 30.7.08 | | 0 şərh »

İnternetdəki vebsaytların sayı artıq 1 trilyonu keçib! Bu rəqəmi dünyanın ən böyük axtarış sistemi olan Google özünün məlumatlar bazasına əsasən açıqlayıb.
Qeyd edək ki, Google İnternetdəki vebsaytların sayını ilk dəfə 1998-ci ildə hesablayıb. O zaman saytların ümumi sayı 26 milyondan çox olmayıb. 2000-ci ildə isə bu rəqəm... 1 milyarda çatıb.

O da vurğulanmalıdır ki, göstərilən rəqəm yalnız müxtəlif vebsaytların ünvanlarını əks etdirir. İnternetdəki bütün səhifələrin sayı isə o qədər çoxdur ki, onların dəqiq miqdarını hesablamaq asanlıqla mümkün olmur.
Google onu da bildirib ki, saytların sayının bu cür sıçrayışlı artımı onların siyahılaşdırılması və rütbəsinin müəyyən edilməsi üçün tələb olunan vaxtı da xeyli artırmışdır. Bu şirkətin mütəxəssisləri yaxın gələcəkdə vebsaytların sayının yenidən inanılmaz dərəcədə artacağını da proqnozlaşdırmışlar.


Davamı

İYULUN ƏN NİSGİLLİ GÜNÜ

Yazar: Məsiağa Məhəmmədi | 12.7.08 | | 2 şərh »

yaxud

DÖRD İL ƏVVƏL VƏ İNDİ

Bu gün oxudum ki, ölkə prezidenti akademik Heydər Hüseynovun 100 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Yenə də Məmməd – görkəmli Azərbaycan jurnalisti Məmməd Nazimoğlu yadıma düşdü. Ona görə "yenə də" deyirəm ki, Məmmədin ölüm xəbəri yayılandan bəri gündə neçə dəfə onu xatırlayır, hansısa işi mexaniki icra edə-edə ürəyimdə onunla söhbətləşirəm. Düzünü deyim, həmin xəbər mənim üçün gözlənilməz olmadı. Nə qədər sarsıdıcı və üzücü olsa da. Görünür, bu bizim xəstə cəmiyyətimizdə artıq bu kimi insanlara yer olmamasının təsiridir. Ölüm də təbii qarşılanır. Nə qədər dəhşətli olsa da. Bir müddət əvvəl dəyərli islamşünas alim Abutalıb Məmmədovun ölüm xəbəri də mənim üçün beləcə gözlənilməz olmamışdı…

Axırıncı dəfə zəng edib: "Məsiağa, farsca kondinsionerə nə deyirlər?" soruşmuşdu. Sözü deməmişdən, zarafatla: "Nədir, indi də fars dili öyrənirsən? Onda vay bizim halımıza!" – söyləmişdim. "Yox, bir yazıda işlətmək istəyirəm". "Çıxanda xəbər elə". "Mütləq". "Səhhətin necədir?" "Belə, babatam. Görüşərik".
Sonradan bilindi ki, babat-zad deyilmiş. Türkiyəyə getdi, ordan qayıdıb doğma kəndinə üz tutdu. Kənddə olanda iki dəfə telefonu götürüb zəng etmək istədim ona. Nəsə, ürək eləmədim. Dedim, şəhərə gəlib həmişəki kimi özü zəng edər. Amma zəng etmədi Məmməd. Zəng çaldı… Bütöv bir nəsil, bütöv bir pleyada üçün. Bir dəfə söhbət əsnasında demişdi: "Cavanlıqda əmin idim ki, dostlarımdan ən azı üçü – Ramiz Əsgər, İlham Abbasov, bir də sən akademik olacaqsınız. Niyə belə oldu?" "Nə bilim, ay Məmməd, ayrı zəmanə gəldi…" – söyləmişdim. Beləcə Məmməd hamımızın ağrısını içində daşıyırdı. Bu yükə ürək-ciyərmi dözərdi?! Sabirin ciyəri yadınızdamı?..
Hə, prezidentin sərəncamını oxuyanda Nizami Muzeyində işlədiyim vaxtlar Məmmədi rəhmətlik Heydər Hüseynovun qızı Sara xanımla tanış etməyimi və az sonra onun "525"-də çap etdirdiyi yazını xatırladım. Yadımdadır, hər adamla ünsiyyəti alınmayan, min cür simalar və simasızlar görmüş Sara xanım Məmmədlə söhbətdən sonra mənə: "Ваш друг очень хороший, очень добрый человек …" – söyləmişdi, mən də qürurlu təbəssümlə başımı tərpətmişdim…
Arxivimdə bir qədər eşələnib həmin yazını tapdım. Əvvəldən axıra tanış yazıya göz gəzdirdim. Eh, Məmməd, bu başlığı, bu sonluğu sən hardan tapmışdın?..

İYULUN ƏN NİSGİLLİ GÜNÜ

Məmməd Nazimoğlu,
Söz Azadlığını Müdafiə Fondunun eksperti

Ötən çərşənbə – iyulun 14-ü mənim üçün bir qədər müdhiş, bir qədər iztirablı, bütövlükdə nisgilli bir gün oldu. Ertədən qoltuğumda papka gözəl Bakı şəhərinin əlim çatan muzeylərini, kitabxanalarını gəzdim, tanış tarixçilərlə zəngləşdim, jurnalist təşkilatlarında oldum. Ki, bəlkə Həsən bəy Zərdabinin dəfn mərasimi zamanı onu son mənzilə yola salan izdihamın təsadüfənmi, ya necəsə Bakı güləfringilərindən birindən lentə alınmış fotosunu tapa biləm. Axtara-axtara düz gəlib çıxdım Nizami adına Ədəbiyyat Muzeyinin elmi işlər üzrə direktor müavini, hələ tələbəlik illərində çox savadlı və istedadlı bir insan kimi tanıdığım şərqşünas-tədqiqatçı Məsiağa Məhəmmədinin iş otağına. Həsən bəyin həyat yoldaşı Hənifə xanımla birgə şəklini Məsiağa bəy muzeyin fondundan tapıb verdi. Amma dəfn mərasimindən olan unikal fotonu tapmaq müşkülə düşdü. Birdən Məsiağa bəyin yadına nə düşdüsə, otağı ilə üzbəüz otaqda əyləşən Sara xanımı içəri dəvət elədi və əsgər kimi farağat durub onu təqdim elədi. Sözün düzü, mən özümü itirdim – Sara xanımın yox, onun atası Heydər Hüseynovun adının qarşısında. 1908-ci ildə İrəvanda anadan olmuş, 1950-ci il avqustun 15-də canını dövrün repressiyalarından qurtarmaq üçün intihar etmiş Heydər Hüseynov mənim üçün mifikləşmiş obrazdır və nədənsə, onu həmşə əsatir qəhrəmanlarına bənzətmişəm. Sara xanım onun yeganə yadigarıdır və 46 ildir Nizami Muzeyində çalışır. Bu biqorafik detalları sadəcə, bəzi məlumatsızlıqları, yaxud unutqanlıqları aradan qaldırmaq üçün yazıram. Onsuz da neçə illərdir Sara xanımı itirib-axtaran yoxdur və o, elmi dünyagörüşü hesabına Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın taleyini yaşamasa da, mənəvi və psixoloji sarsıntıları daha dərindən yaşayıb: hər halda filosof qızı ilə mesenat qızı arasında təfəkkür fərqləri olmamış deyil. Sara xanımın taleyi və yaşantıları başqa bir söhbətin mövzusu olduğundan məni dəhşətə salan, sarsıdan ayrı olayı diqqətə gətirmək istəyirəm.
Məsiağa Məhəmmədi Sara xanıma gəlişimin məqsədini söylədi. Filosof qızının gözlərinə işıq gəldi: "Oy, atamın kitabında o şəkil var, 553-cü səhifədə". Durub öz otağına keçdi. Qalın bir kitabı çox ustufca gətirib stolun üstünə qoydu. Gözüm kitabı o saat aldı: Heydər Hüseynovun "İz istorii obşestvennoy i filosofskoy mısli v Azerbaydjane XIX veka" əsəri idi. Kitabı götürmək istədim. Sara xanım onu geri çəkdi: "İnciməyin, siz Allah, verə bilmərəm. Amma şəkli göstərə bilərəm". 1907-ci ildə çəkilmiş həmin foto kitabın 553-cü səhifəsində idi – Sara xanım düz buyurmuşdu. Həsən bəy Zərdabinin dəfni Bakıda ən izdihamlı dəfn mərasimi olub. Sonralar bu cür insan seli Üzeyir Hacıbəyovun və Səməd Vurğunun vəfatı zamanı müşahidə edilib. Qərəz, söz sözü çəkməsin deyə, mətləbə qayıdaq. Sara xanım atasının kitabını vərəqlədikcə, səhifələrin çoxuna karandaşla qoyulmuş "dərkənar"lar diqqətimi çəkdi. "Bu nə qeydlərdi belə?" – Sara xanımdan soruşdum. Sara xanım titrədi, başını qaldırıb Məsiağa bəyə baxdı. İzahı da o verdi: "Bunlar bir nəfərin qeydləridir. Heydər Hüseynovu millətçilikdə, pantürkizmdə suçlayır. Məhz bu qeydlərə görə Heydər Hüseynovu ittiham edirdilər. O, hadisələrin necə nəticələnəcəyini bilirdi. Ona görə də intihar etdi…" Nə illah elədiksə, Sara xanım həmin adamın adını demədi: "Sonra reaksiya olar" – deyib söhbəti dəyişdi.
… Və mən qeyri-adi bir şeyə toxunurmuş kimi, əlimi kitabın üstünə qoydum. Sara xanım bir söz demədi. Bir söz demədi və bu hal mənə çox xoş gəldi. Sandım ki, tariximizin çox laübali bir kəsiminə baş vurmaq təminatı qazandım. Amma, görünür, bu, özüm-özümə aşıladığım mənəvi təminat idi. Çünki çox xahiş etsəm də, Sara xanım fotonun surətini çıxartmaq üçün kitabı yarımca saatlığa da olsa, vermədi: hətta Məsiağa bəyin israrlı xahişlərinə baxmayaraq.
Ayrılanda soruşdu: "Siz Allah, incimədiniz ki?" Dedim, nə danışırsınız, Sara xanım, mən də belə edərdim.
Qapıdan çıxanda Sara xanıma verdiyim cavabı özüm üçün suala çevirdim: görəsən, doğrudanmı belə edərdim? Görəsən, atam Nazim kişini millətçilikdə suçlayıb intihara məcbur etsəydilər və mən də tək-tənha, sayılıb-seçilmədən dünyanın bir küncündə qalsaydım, dözə bilərdimmi? "Torqovı" ilə addımladıqca bu sualın təsiri altında özümü çiynində dünyanın neçə batman yükü olan adam sanırdım. Atlant göy qübbəsinin altına çiynini verəndə ağırlıqdan dizəcən torpağa girmişdi. Bizim faciələrimizin ağırlığı göy qübbəsinin ağırlığından qat-qat çoxdur və bəlkə bu səbəbdən çiynini həmin ağırlığın altına verməyə bir azəri türkü tapılmır. Ki, bu ağırlığın altında dizinəcən yox, bütünlüklə batmaqdan qorxmasın. Sən, enlikürək, dizində təpər oğlan, nə vaxt doğulacaqsan axı?
… Bu da Azərbaycanda Amerikanın ilk dostu olan Elmar Abbasov. Çoxdandı görüşmədiyimizdən çeçenlər kimi çiyin-çiyinə vururuq. Elmar bəy də tanınmış adamın oğludur – məşhur təyyarəçi Məzahir Abbasov onun atasıdır. Hamı kimi Elmar da problemlidi, məhkəmə işi var. Deyir ki, qəribədi, köhnə qanunlara görə alacağım var, təzə qanunlar isə verəcəyim olduğunu iddia edir.
… Və mövzunu lapdan dəyişib deyir: "Axşam tez yatma. İmkan varsa, uşaqları da başına yığ, gecə saat birdə RTR-dən əntiqə veriliş gedəcək. Kursk döyüşünə həsr olunub. Təzə versiyalar var… Mütləq bax ha…"
"Mütləq baxacam" deyirəm. Amma yalan danışıram: başqasının tarixini nə qədər oxumaq olar? Onun-bunun keçmişinə nə qədər baxmaq olar?
… Və çox köhnə, bir vaxtlar pantürkist şairə ünvanlanmış mənzum sualı ideoloji futlyardan çıxarıb milli müstəviyə salıram: bəs mənim ölkəmin varlığı hanı?
… 1950-ci il iyulun 14-də Filarmoniyada Heydər Hüseynovun "İz istorii obşestvennoy i filosofskoy mısli v Azerbaydjane XIX veka" kitabının müzakirəsi keçirilib. O yığıncaqda Heydər Hüseynovu az qala xalq düşməni elan ediblər. Bu, onun "vətəndaş qətli" idi.
İş elə gətirmişdi ki, mən Sara xanımla məhz həmin gün görüşmüşdüm.
… Və o günün nisgilini birgə yaşayası olmuşduq.

525-ci qəzet, 17 iyul, 2004-cü il, şənbə


Davamı