“OK” SÖZÜ NECƏ YARANIB?

Yazar: Məsiağa Məhəmmədi | 30.7.08 | | 0 şərh »
Təsdiq mənasında işlənən “OK” (o-key) sözü demək olar, beynəlxalq bir kəlməyə çevrilmişdir. Bu işdə, əlbəttə, kompüterin rolu böyük olmuşdur: hər gün bilgisayarda, Allah bilir, neçə dəfə “OK” düyməsini basmalı oluruq. Hələ onu canlı danışıqda, müxtəlif filmlərdə eşitdiyimiz halları demirəm. Və bu sözün çox maraqlı bir yaranma tarixçəsi var:
ABŞ-dakı anbarların birində savadsız bir anbardar varmış. Müdiriyyətin tapşırığına əsasən, o hər gün anbardakı malları yoxlamalı və onların sayı düz olduğu təqdirdə kisələrin üzərinə “All Correct” (“ol kərekt”, yəni “hamısı düzdür”) sözlərini yazmalı idi. Bəzi hərfləri tanıyan anbardar ingilis sözlərinin yazılış və tələffüzündəki fərqlərdən xəbərsiz şəkildə kisələrin üzərinə O.K. yazmağa başlayır.

Anbar müdiri bunun nə demək olduğunu soruşanda isə, “ol kərekt” ifadəsini qısaca, yəni baş hərflərilə yazdığını bildirir. Müdir buna xeyli gülsə də, tapıntı xoşuna gəlir və “OK”-dən istifadə anbarda qayda kimi qəbul olunur. Daha sonra bu söz digər anbarlardakı malların üzərində peyda olur. Tədricən həmin savadsız anbardarın “kəşfi” başqa sahələrə də keçir və get-gedə ümumişlək bir sözə çevrilir.

0 şərh