"BOYKOT" SÖZÜ VƏ BOYKOT ÖZÜ

Yazar: Məsiağa Məhəmmədi | 9.6.08 | | 0 şərh »
Hər seçki öncəsi siyasətçilərin çıxış və bəyanatlarında, kütləvi informasiya vasitələrində işlənmə tezliyi artan sözlərdən biri də "boykot" kəlməsi olur. Amma çoxları yəqin ki, bu sözün mənşəyini, daha dəqiq desək, bir ingilis zabitinin familiyasından götürüldüyünü və beynəlxalq terminə çevrilməsinin tarixçəsini bilmirlər.
1832-ci ildə anadan olmuş Çarlz Boykot ingilis ordusunda xidmətə girmiş və mayor rütbəsinə qədər yüksəlmişdi. Hələ kapitan olarkən ona tapşırıq verilir ki, İrlandiyadakı bir ərazidən yığılan kənd təsərrüfatı məhsullarından dövlətə çatacaq payın alınmasını təmin etsin. Həmin ərazi ingilis ordusunun köməyilə ələ keçirilmişdi və ordunun mülkiyyəti sayılırdı.

İrland kəndliləri isə ingilis hökumətinə pay verməyi qeyri-qanuni bir iş hesab edirdilər, ona görə qərara aldılar ki, heç bir zorakılığa əl atmadan kapitan Boykota tam etinasızlıq göstərsinlər, onu saya salmasınlar və hətta onunla bir kəlmə belə danışmasınlar.
Kəndlilərin bu təşəbbüsü səmərəli oldu, yəni Boykot ona verilmiş tapşırığı yerinə yetirə bilmədi. O vaxtdan Boykotun familiyası ümumi ismə çevrildi və "boykot" sözü beynəlxalq istilah kimi "zorakılığa əl atmadan təzyiq, sıxışdırma, saymazlıq" anlamında dünya xalqlarının dillərinə daxil oldu.


0 şərh