Bir çox dilçilərin dediyinə görə, dünyada baş verən proseslər nəticəsində elə bir gün gəlib çatacaq ki, bütün bəşəriyyət vahid dildə danışacaq. Aparılan tədqiqatlar göstərmişdir ki, ötən bir neçə min il ərzində dünyadakı dil və ləhcələrin sayı kəskin surətdə azalıb və cari yüzillikdə biz xeyli dilin sıradan çıxmasının şahidi olacağıq. Dilçi alimlərin hesablamalarına əsasən, on min il əvvəl Yer kürəsində təqribən 1 milyon nəfər yaşayırdı və onlar 10-15 min dildə danışırdı. Hazırda bu dillərdən yalnız 6-7 mini qalmışdır. Dilçilərin ən nikbin proqnozlarına görə, yaxın bir əsr ərzində mövcud dillərin ən azı dörddə üçü sıradan çıxacaqdır. Bəziləri isə həmin dövrdə dünya dillərinin 90%-nin yox olacağını söyləyirlər. Sıradan çıxmaq təhlükəsi real olan dillər ilk növbədə Afrika, Asiya və Avstraliyadakı milli azlıqların və tayfaların dilləridir.
Dilçilərin fikrincə, müstəmləkəçilik də dillərin məhv olmasına ciddi təsir göstərmişdir. Məsələn, 500 il əvvəl ispaniyalılar Amerika qitəsinə daxil olanda bu qitədə təqribən 2200 dil vardı. Halbuki indi bu dillərin sayı 600-dən azdır və dilçilərin rəyinə görə, bir neçə nəsildən sonra onların 250-si də sıradan çıxacaq. Eləcə də Avstraliyada mövcud olan 200 müxtəlif dildən 135-i məhv olmaq təhlükəsi qarşısındadır.
Alyaska Universitetinin professoru Maykl Kraus apardığı araşdırmalardan sonra bu nəticəyə gəlmişdir ki, dünya dilləri atlasında qeyd olunan dillərdən 300-dən 600-ə qədəri öz varlığını qoruya bilər, qalanları isə məhvə məhkumdur.
Subscribe to:
Post Comments (Atom)
0 şərh
ŞƏRH YAZ