ORXAN PAMUKUN DOSYESİ

Yazar: Məsiağa Məhəmmədi | 10.12.08 | | 0 şərh »
Bu məqalə bir neçə gün öncə “Bir xain necə yetişdirilir?” başlığı altında ünlü türk şairi və romançısı Atilla İlhanın (1925-2005) yazısı kimi elektron poçtuma daxil olub. Mənə maraqlı gəldiyindən göndərən şəxsdən yazının A.İlhana aidliyini təsdiqləyən mötəbər qaynağın olub-olmadığını soruşdum. O da mənə İnterneti göstərdi. Əslində mən ona müraciətdən öncə İnternetə baş vurmuşdum. Axtarışlarım bu yazının hələ xeyli əvvəldən bir sıra türk saytlarında, özü də məhz Atilla İlhanın yazısı olaraq, yayıldığını aydınlaşdırmağa imkan vermişdi. Bununla belə, bir-iki yerdə həmin məqalə araşdırmaçı-yazar Sərdar Quruya da aid edilirdi. Daha sonra eyni mətn Kanadada yaşayan və Türkiyə işlərini yaxşı bilən kifayət qədər ciddi bir tədqiqatçı tərəfindən yenə A.İlhanın yazısı olaraq yayıldı. Bu üzdən axtarışlarımı bir az da intensivləşdirdim və sonda yazının yuxarıda adı keçən Sərdar Quruya aid olduğu qənaətinə gəldim. (Bunun üçün, məsələn, bu ünvana baxmaq yetərlidir). Aydın oldu ki, yazı 2005-ci ildə, yəni Orxan Pamuk “Nobel” almazdan qabaq yazılıb, özü də iki variantda – geniş və müxtəsər variantlarda yayılıb. Yazının Atilla İlhana aid edilməsində, görünür, onun Orxan Pamuka heç də yaxşı oımayan münasibəti əsas rol oynayıb – A.İlhan O.Pamuku “əsərləri çox çap olunan, amma az oxunan yazıçı” adlandırır və onu, öz təbirincə desək, “komprador aydınlar” cərgəsinə aid edirdi.
Amma əsas məsələ yazının kimə aidliyində deyil – hər halda bu məqalə yazılıb və yayılıb. Məsələ heç yazının qəhrəmanı, Nobel mükafatı laureatı Orxan Pamukda da deyil. Başlıcası yazının mahiyyətidir, onun bir şəxsin nümunəsində açıqlamağa çalışdığı texnologiyadır. Həmin mahiyyətin və texnologiyanın bu gün də gözümüz önündə baş verənlərə, o sıradan, bizdə gedən dartışmalara dəxli olsun gərək...

♦ ♦ ♦
Kəşfiyyat dünyasında "yumurtadan quş çıxartmaq" kimi bir deyim vardır. Deyək ki, X ölkəsində 20 il bundan sonra həyata keçirmək istədiyiniz uzunmüddətli bir əməliyyat var. Həmin əməliyyat üçün sizə müxtəlif provakatorlar lazımdır və ən etibarlı provakator öz yetişdirdiyinizdir. Bu iş üçün istedadlı, amma gələcəyi parlaq olmayan zəif xarakterli bir "yumurta" tapılır.
Məsələn, bir gənc universitetdə seçilir və mərhələ-mərhələ əvvəlcə təhsildə vəzifə tutmaqla, daha sonra da mediada təbliğat və şirkət sponsorluqları ilə ölkədə sözü dinlənən bir professor halına gətirilir. Lazım gəldikdə, bütün araşdırma və kitabları da əlinə hazır olaraq verilir.
Ölkədəki insanlar bu adam tərəfindən yazılmış bildikləri möhtəşəm əsərləri oxuyar və ona olan hörmətləri artar. Beləcə, yumurta kürt mərhələsini bitirər və çatlayıb gözəl bir quş olma zamanı gələr.
Təyin olunan vaxtda bu professor media vasitəsilə dəhşətli dərəcədə radikal açıqlamalar verməyə başlar və bütün ölkəni qarışdırar. Eyni zamanda onun kimi yetişdirilən digər “yumurtalar” da başqa fəaliyyətlərə girişərlər.
Nə isə mövzu uzun, mənim yerim dar, amma maraqlananlara Şərq Blokunun çöküş dövrünə baxmağı məsləhət görürəm.
* * *
Bu əlaqəsiz mövzudan sonra gələk Orxan bəyə.
Fərid Orxan Pamuk bəyin (kimsənin bilməsini istəmədiyi əsil adı Fəriddir) əslində ölkəsinə bu qədər müxalif olmasına bir səbəb yoxdur. Çox kasıb və həyatını çətinliklər içində keçirmiş birisi olsaydı, bəlkə də anlayardım, amma Orxan Pamuk nəsillikcə aristokrat təbəqəsinə mənsubdur və bu gün tənqid etdiyi dövlətin çox çörəyini yemişdir.
Məsələn, babası Respublikanın ilk mühəndislərindəndir və xüsusilə Atatürk, İnönü dövrlərində qızğın dəmiryolu çəkilişlərində böyük tenderləri udub qısa zamanda varlanmışdır. Oğulları bu nəhəng sərvətin böyük bir qisimini sağa-sola xərcləsələr də, Orxan Pamukun zəngin həyat sürməsinə çatacaq qədər sərvət qalmışdır.
Yaxşı, “Orxan Pamukda olan bu sistem düşmənçiliyi haradan qaynaqlanır?” və “görəsən, "süni" bir düşmənçilik deyil ki?” – suallarına cavab axtaraq.
Orxan Pamukun həyatının ilk mərhələlərinə baxdığımız zaman böyük bir müvəffəqiyyətsizlik olduğunu görürük. 30 yaşına qədər iki məktəb dəyişmiş və yalnız əsgərliyini qısaltmaq üçün jurnalistika oxumuş bir insan. Əvvəl rəssam olmaq istədiyi halda, sonra yazıçılığa qurşanır. İllərlə evindəki otağına qapılaraq mükafatlar alan, amma kimsənin pul vermək istəmədiyi romanlar yazır. “Görünür, hər şey bura qədərmiş” – mərhələsinə gəldiyi anda sehrli bir çubuq dəymiş kimi Orxan Pamukun kitabları satılmağa və xaricdə tanınmağa başlayır.
Yaxşı, bu sehrli çubuq, görəsən, harada dəymiş ola bilər? Mənim qənaətimcə, bu çubuğun izini Amerikada axtarmaq lazımdır.
Amerikaya getməzdən əvvəl Orxan Pamuka dərin təsirləri aydın olan birindən bəhs etmək lazımdır. Bu adam Orxan Pamukun qardaşı Şövkət Pamukdur.
Şövkət Pamuk Orxan Pamukun ilk dövrlərinin əksinə olaraq, son dərəcə müvəffəqiyyətli bir insan. Amerikada Yel, Berkli kimi nüfuzlu universitetlərdə iqtisadiyyat oxuduqdan sonra Türkiyədə bir çox universitetdə dərs verən Şövkət Pamuk Osmanlı iqtisadiyyatı üzrə tanınmış bir mütəxəssisdir. Bir çox xarici universitetlərdə Osmanlı və Türkiyə iqtisadiyyatından dərs demişdir.
Bu universitetlərdən ən maraqlısı İsraildə olan Ben Qurion universitetidir. Bu universitet öz adını İsrailin ilk baş naziri, İsrailin qurucularından və hətta anarxist fəaliyyətləri üzündən Osmanlı tərəfindən Fələstindən qovulacaq qədər fanatik sionist olan David Ben Quriondan almışdır. Həmin universitetdə dərslərini MOSSAD-ın da maraqla izləyib hesabatlar hazırlatdığı bir "Orta Şərq araşdırmaları" bölməsi var. Hörmətli Şövkət Pamuk məhz belə nüfuzlu bir bölmədə (!!!) dərs verə biləcək qədər istedadlı bir iqtisadçımızdır.
Ben Qurion universitetinin başında 14 il Dünya Bankında işləmiş və buradakı uğurlarına görə Rotari və Lions klublarının “2000-ci ilin adamı” seçdiyi prof. Avişay Braverman dayanır. Belə uğurlu bir iqtisadçının idarə etdiyi universitetdə iqtisadiyyat dərsi verməyin əhəmiyyətini yəqin ki, anlayırsınız. Orxan Pamukun qardaşı Şövkət Pamuk bu qədər dəyərli bir müəllimimizdir.
Hə, gəlin biz Orxan Pamukun Amerika səfərinə dönək yenə.
1985-1988-ci illər arasında tam üç il Amerikada qaldı Orxan Pamuk. Bu dövrdə yorulmadan kitab yazmaqla yanaşı, çox əhəmiyyətli bir kursu da müvəffəqiyyətlə bitirdi. Bu kurs İova universiteti nəzdində təşkil olunan “International Writing Proqram” (IWP) adlı çox maraqlı bir kursdur. Kursun məqsədi dünyanın müxtəlif bölgələrindən gələn və müəyyən potensialı olan yazarların Amerika həyatını tanımaları və kitablarını yaza biləcəkləri gözəl bir mühitə qovuşmalarıdır. Bu "xeyirxah" proqram çərçivəsində hər il 20-yə qədər yazar Amerikanın qonağı olur.
Məhz bu kursdan sonra Orxan Pamukun həyatı dəyişdi. Yəni özü demişkən, "bir kursa getdi, həyatı dəyişdi". Həmin kursdan 2004-cü ildə məzun olan bir başqa türkün adı da Mahir Ağdaşdır – bu adı yadınızda saxlayın, çünki gələcəyi parlaqdır.
İnsan istər-istəməz düşünür: “Bu universitet bu qədər insanı çağırıb onları aylarla yedirib-içirmək və saxlamaq üçün pulu haradan tapır?”
Cavabı sadədir: yazarlar üçün bu təhsil proqramının baş sponsoru Amerika Xarici İşlər Nazirliyidir.
Orxan Pamukun şansı Amerikada bundan sonra son dərəcə artır. Diqqət etsək, Orxan Pamukun Amerikada çıxan kitablarının təqribən hamısının eyni nəşriyyatda çap olunduğunu görərik. Bu, “Random Haus” nəşriyyatıdır.
Nəşriyyatın sahibi isə dünyaca məşhur alman “Bertelsman” yayın şirkətidir. “Bertelsman”ın qurucusu, hazırda təqaüdçü həyatı sürən və dünyanın ən varlı adamlarından olan Reynhard Mohn da sehrli çubuq nümunələrindəndir. Cənab Mohn İkinci Dünya Müharibəsində general Rommelin Afrika korpus birliyində kiçik leytenant olaraq döyüşüb. Burada amerikalılara əsir düşərək Kanzasda bir əsir düşərgəsinə aparılıb. O zamana qədər kitablara maraq göstərməyən Mohn bir anda dönüb kitabsevər olub. Müharibədən sonra kommunizm təhlükəsi altındakı ölkəsinə qayıdan Mohn qəfildən bir nəşriyyat açaraq ilahi və dini kitablar nəşr etməyə başlayıb. “Bertelsman”ın qurulması beləcə sadə olub.
1991-ci ildə təqaüdə çıxarkən “Bertelsman” dünyanın ən böyük nəşriyyatlarından biri, özü də Qarun qədər varlı idi. Bu amerikalılar kiçik leytenant Mohna əsir düşərgəsində nə yedirtdilərsə, adam müvəffəqiyyətin sirrini tapdı bir anda. “Bertelsman”ın başqa bir maraqlı xüsusiyyəti 2001-ci ildə “Doğan Holdinq”lə musiqi bazarına yönəlik bir ortaqlığa getməsidir. Bu ortaqlığın bütün danışıqları şəxsən Aydın Doğanın qızı Xanzadə tərəfindən aparıldı. İndi Türkiyədə yayılan bir çox xarici musiqi albomları məhz bu ortaqlığın sayəsində Türkiyəyə çatır.
Görünür, bu böyük qrup Orxan Pamuku çox sevir ki, bütün kitablarını satılsa da, satılmasa da, israrla nəşr edir.
Orxan Pamukun ən böyük müvəffəqiyyətlərindən biri də dünyaca məşhur IMPAC Dublin mükafatını almasıdır. Bu mükafat sadə bir lövhədən ibarət deyil, təbii ki. Mükafatın münsiflər heyəti "Mənim Adım Qırmızı" kitabını elə bəyənmişdir ki, müəllifə hədiyyə olaraq, 115 min dollar vermişdir.
Yaxşı, bir türk yazıçısına onun bir çox həmkarlarının həyatları boyunca bir yerdə görə bilməyəcəyi məbləği verən təşkilatın arxasındakı güc kimdir?
Bu, mükafata adını verən IMPAC şirkətidir.
IMPAC bütün dünyada məşhur olan və idarəçilik üzrə məsləhətçi xidmətləri göstərən bir Amerika şirkətidir. İdarəçilik məsləhətləri adı altında gözəl kəşfiyyat xidmətləri göstərdiyi də məlumdur. Şirkətin başında duran Dr. Ceyms İrvin İrlandiyanı və kitabları çox sevdiyi üçün belə gözəl bir mükafat ortaya çıxarmışdır və hər il müvəffəqiyyətli bir yazara bu mükafat verilir.
Ədəbiyyatsevər dostumuz cənab Irvin çox da fəal birisidir. Amerikanın öncül Respublikaçılarındandır və Amerika ordusu ilə gözəl münsibətləri var. O qədər gözəl ki, Amerika Hərbi Akademiyası “Vest Poynt”dan üstün xidmət mükafatı almışdır.
Orxan Pamuka verilən mükafatın sponsoru cənab Ceyms Irvin "International Democratic Union" dərnəyinin də baş üzvü və mühasibidir. Bu dərnək dünya miqyasında sağ mərkəzçi partiyaları bir araya gətirmək üçün qurulmuşdur. Qurucuları arasında Ronald Reyqan, Marqaret Tetçer, ata Corc Buş, Helmut Kol və Jak Şirak kimi əhəmiyyətli adlar da vardır. Dərnəyin Türkiyədən də iki üzvü var. Bunlar Ana Vətən Partiyası və Doğru Yol Partiyasıdır. Dərnəyin hazırkı başçısı Avstraliyanın Amerikapərəst baş naziri Con Hovarddır.
Ceyms Irvin bundan əlavə Vaşinqtondakı "Center for Democracy" dərnəyinin də üzvüdür. Bütün dünyaya Amerika demokratiyasını gətirmək məqsədi daşıyan bu dərnəyin ən maraqlı siması hamımızın yaxşı tanıdığı Henri Kissincerdir. Kissincer deyildimi, o demokratiyanın necə gələcəyini hamınız təxmin edərsiniz hər halda.
Orxan Pamukun otuz yaşlarına qədər otağından çıxmayan biri olaraq çox böyük mərhələləri itirdiyi böyük bir həqiqətdir. Hazırda qazandığı şöhrətin və pulun kefini çəkməklə məşğuldur. Təqsim meydanına yaxın və möhtəşəm boğaz mənzərəli terras qatında yeni əsərləriylə məşğul olur. Divarlarında yapon ədəbiyyatına qədər təsnif edilmiş yüzlərlə kitab olan lüks mənzilini yalnız iş məqsədilə istifadə edir və bəzən də yaxın dostlarıyla yemək yeyir. Bu evə tez-tez gələn yaxın dostlardan biri də yəhudi əsilli Amerika jurnalisti Ceri Liber idi. Bu şəxsiyyəti yaddaşı güclü olanlar xatırlayacaqlar. Qurucusu olduğu insan haqları komitəsinin təmsilçisi kimi Türkiyədə insan haqlarının pozulmasına dair bir hesabat yazmışdı. Sonra bu hesabat kitab şəklinə də salındı. Həmin hesabatda türk ordusunun kürdləri kütləvi qırğına məruz qoyduğu iddia edilmiş və türk ordusuna açıqca "avaralar" deyə xitab olunmuşdu. Bu kitabı tərcümə edən Ərtoğrul Kürkçü və Aişə Nur Zarakoğlu haqqında iddia açılınca, Ceri Liber onlara dəstək vermək üçün dərhal Türkiyəyə gələrək, məhkəmələrə qatılmışdı.
Hər halda hörmətli Orxan Pamukun fikirlərinin formalaşmasında Ceri Liberlə xüsusi terras qatında yemək arxasında etdiyi söhbətlərin böyük təsiri olmuşdur…


0 şərh