HANTİNQTON HƏYATDAN GETDİ

Yazar: Məsiağa Məhəmmədi | 30.12.08 | | 0 şərh »
Dünyaca məşhur və geniş mübahisələrə yol açmış «Sivilizasiyaların toqquşması» kitabının müəllifi Samuel Hantinqton 81 yaşında dünyasını dəyişib. Bu barədə onun 58 il çalışdığı və yalnız ötən il təqaüdə çıxdığı Harvard universiteti məlumat yayıb.
Son yarım əsrdə dünyanın ən nüfuzlu politoloqlarından biri olan Samuel Hantinqton 1927-ci il aprelin 18-də Nyu-Yorkda doğulmuş, Yel universitetini bitirdikdən və orduda xidmət etdikdən sonra Harvardda çoxillik müəllimlik fəaliyyətinə başlamışdı. 1957-ci ildə onun «Əsgər və dövlət: mülki-hərbi münasibətlərin nəzəriyyəsi və siyasəti» adlı ilk kitabı işıq üzü görmüş və müxtəlif rəylər doğurmuşdu. Hətta tənqidçilərindən biri baxışlarına görə onu Mussoliniyə bənzətmişdi. Bununla belə, Hantiqton özünün qeyri-standart və cəsarətli fikirlərini irəli sürməkdə davam etmiş, tədricən Amerika və dünya siyasətinə təsir göstərən bir mütəfəkkirə çevrilmişdi.
1964-cü ildə o, Zbiqnev Bzejinski ilə birlikdə yazdığı «Siyasi hakmiyyət: SSRİ-ABŞ» adlı kitabını çap etdirdi. Soyuq müharibənin mümkün gedişini və nəticələrini açıqlayan bu əsər onun iti zəkasının və güclü fəhminin təsdiqinə çevrildi. Təsadüfi deyil ki, çox keçmədən o, Ağ Evdə işə cəlb edildi: 1977-78-ci illərdə ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru və prezident Karterin müşaviri oldu.

1990-cı illərin ortalarına qədər Hantiqton daha çox akademik alim kimi tanınırdı. 1996-cı ildə «Sivilizasiyalıran toqquşması»nın nəşri ilə onun adı siyasi və elmi dairlərin hüdudlarını aşıb sözün həqiqi mənasında dillər əzbəri oldu. Qısa bir zamanda qırxa yaxın dilə tərcümə olunan bu kitabdakı fikir və proqnozlar dünyanın hər yerində müzakirə və mubahisə obyektinə çevrildi. Bu da səbəbsiz deyildi: Yer kürəsində baş verən hadisələr onun dediklərini sanki təsdiqləyirdi. Elə bil bütün proseslər Hantinqtonun ssenarisi əsasında gedirdi. Bü üzdən hətta siyasətlə o qədər maraqlanmayan insanlar belə onun fikirləri ilə tanşlığa can atırdı.
Doğrudur, onun dedikləri Edvard Səid kimi nüfuzlu müəlliflərin kəskin tənqidinə də məruz qalırdı. Həmin tənqidlərə cavab olaraq, Hantinqton «Islamica» dərgisinə verdiyi müsahibədə demişdi: «Mənim əsas ideyam öz qüvvəsini saxlayır; bu da ondan ibarətdir ki, mədəni kimliklər, ziddiyyətlər və oxşarlıqlar dövlətlər arasındakı münasibətlərdə nəinki rol oynayacaq, hətta başlıca rol oynayacaqdır».
Samuel Hantinqtonun ən mühüm tezisi budur ki, soyuq müharibə bitdikdən və ideoloji ziddiyyətlər aradan qalxdıqdan sonra sivilizasiyalararası fərqlər dünya siyasətinin həlledici amilinə çevrilir və yer kürəsindəki münaqişələrin kökündə dayanır. O, dünyada bir neçə iri sivilizasiyanın (qərb, islam, çin, yapon, hind, latın amerikası, pravoslav, afrika) mövcudluğunu önə çəkir və göstərirdi ki, bəşəriyyətin taleyi həmin sivilizasiyaların münasibətləri və toqquşması zəminində müəyyənləşəcək. Bu prosesdə o, ilk növbədə Çinin roluna diqqət ayırırdı və beynəlxalq münaqişələrin sxemini təxminən belə cızırdı:
«Çin özünə güvənərək, Cənubi Çin dənizini tam nəzarətə götürmək istəyəcək, amma Vyetnamın müqaviməti ilə qarşılışıcaq. ABŞ Vyetnamın köməyinə gələcək və Çinin zərbələrinə məruz qalacaq. Bunun nəticəsində müsəlman ölkələrində antiqərb əhval daha da güclənəcək, islamçılar ərəb ölkələrində nəzarəti ələ alacaq. Beləliklə, Qərb dövlətlərinin Rusiya, Qafqaz və Mərkəzi Asiyadakı neft qaynaqlarından asılılığı artacaq. Bu üzdən Qərb Rusiyanı öz tərəfinə çəkməli və onun cənubdakı neftlə zəngin müsəlman ölkələrinə nəzarət cəhdlərini dəstəkləməli olacaq. Yaponiya Çinlə yaxınlaşacaq, Rusiya isə Çinin uğurlarından narahat olub ona qarşı çıxacaq. Buna cavab olaraq, Çin Vladivostoku, Amur vadisini və Şərqi Sibirin ən mühüm bölgələrini işğal edəcək. NATO Rusiyanı öz sıralarına qəbul etməyə çalışıb onunla birlikdə Çinə qarşı hərbə başlayacaq. Qərb, Rusiya, Çin və Yaponiyanın müharibədə ciddi itikilərə məruz qalması Hindistanın xeyrinə işləyəcək…»
Belə bir qorxunc perspektiv kontekstində Hantiqton maraqlarından çıxış etdiyi Qərbə ciddi bir xəbərdarlıqda bulunurdu: «Qərb başa düşməlidir ki, məhz onun başqa sivilizasiyaların işlərinə müdaxiləsi müasir dünyada qeyri-sabitliyin ən təhlükəli mənbəyi olaraq qalır».
Hər halda ötən illərin təcrübəsi Hantinqtonun başqa bir məşhur politoloq, «Tarixin sonu» adlı əsərin müəllifi Frensis Fukuyama ilə müqayisədə daha haqlı olduğunu göstərdi: sosialist blokunun süqutundan sonra liberal demokratiyanın «zəfər yürüşü» yer üzünə arzulanan sakitliyi gətirə bilmədi…
Bəzi şərhçilər Hantinqtonun ölümünü rəmzi bir hadisə kimi dəyərləndirirlər: onlara görə, bu, ABŞ-ın dünyada təkbaşına hökmranlığının başa çatmasından xəbər verir…

______________

Samuel Hantinqtonun «İSLAM DÜNYASI VƏ QƏRB» adlı yazısını BURADAN oxuya bilərsiniz.


0 şərh