TOĞRUL BƏYİN MƏQBƏRƏSİ YENİDƏN QURULUR

Yazar: Məsiağa Məhəmmədi | 16.6.08 | | 0 şərh »
On dörd illik fasilədən sonra Tehranın hakimiyyət orqanları, nəhayət, böyük Səlcuq sultanı Toğrul bəyin (990-1063) şəhərin cənubunda yerləşən və "Toğrul bürcü" adı ilə məşhur olan məqbərəsi ətrafında yenidənqurma və abadlıq işlərinə başlamağa qərar vermişdir. Yayılan məlumatlara görə, təqribən iki hektar ərazini əhatə edəcək abadlıq işləri abidənin tarixi simasını saxlamaq şərtilə məqbərə ətrafında mədəniyyət evi, kitabxana, muzey, restoran və s. obyektlərin inşasını nəzərdə tutur. Bununla da "Toğrul bürcü"nə turistlərin cəlb edilməsi planlaşdırılır.
Toğrul bəyin məqbərəsi Reydəki İbn Babuyə qəbristanlığının şərq hissəsində, hələ Səlcuqlar dönəmindən "Toğrul bağı" adlanan bir bağın ortasında yerləşir. Məqbərənin hündürlüyü təqribən 20 metrdir.

Bəzi mütəxəssislər belə hesab edirlər ki, bu tikilinin "dişləri" (çıxıntıları) saat əqrəblərinə bənzəyir və onların üzərində Günəş şüalarının əksi əsasında vaxtı müəyyənləşdirmək mümkündür.
Məqbərənin kimə mənsubluğu ətrafında müəyyən mübahisələr olsa da, əksəriyyət onun məhz Səlcuq imperiyasının qurucusu Toğrul bəyin türbəsi olduğunu qəbul edir. Belə ki, mötəbər orta əsr qaynağı "Mücməl ət-təvarix" əsərində də yazılır: "Sultan Toğrul bəy Reydə vəfat etdi və türbəsi indi də orada durur".
Toğrul bəyin məqbərəsi ilk dəfə XIX yüzillikdə Qacar hökmdarı Nasirəddin şahın göstərişi ilə bərpa olunmuşdur. Bu zaman məqbərənin qapısı üstünə mərmər lövhə qoyulmuş, əslində abidə məhv olmaq təhlukəsindən xilas edilmişdir. Bununla belə həmin bərpa işləri zamanı məqbərə üzərindəki qədim naxışlar və kufi yazılar sıradan çıxmışdır.


0 şərh