Berlin divarının çöküşünün 20 illiyi münasibətilə Almaniyada nəşr olunmuş çoxsaylı kitablar içərisində biri xüsusilə seçilir – özünün mürəkkəb psixoloji ovqatına, dramatik süjetinə və əlbəttə, qəhrəmanlarına görə. Söhbət Suzanne Şedlixin “Yenə də dekabr” adlı sənədli romanından gedir. Müəllif 1977-ci ildə əsərləri Qərbi Almaniyada çap olunduğuna görə Almaniya Demokratik Respublikasını (ADR) tərk etmək məcburiyyətində qalan tanınmış alman yazıçısı Hans Şedlixin qızıdır. O, ailəsinin başına gələnlərdən, Qərbi Almaniyadakı həyata çətin uyğunlaşmasından, valideynlərinin boşanmasından, on ildən çox ABŞ-da yaşamasından, nəhayət, Berlinə qayıtmasından... söz açır. Amma əsərin baş qəhrəmanı Suzannenin əmisi (atasının böyük qardaşı), ADR Elmlər Akademiyası Tarix İnstitutunun professoru Karlhayns Şedlixdir. Təsadüfi deyil ki, kitabın ikinci başlığı belədir: “Qərb, Ştazi, əmim və mən”. Suzannenin uşaqlıqda pərəstiş etdiyi əmisi o zamanlar ADR-də nüfuzlu intellektual, cəsarətli insan, kəskin qələmli publisist kimi tanınırdı və Şərqi Almaniyadakı bir çox dissidentlərin yaxın dostu idi. Yalnız Berlin divarları söküləndən və Ştazinin (ADR Təhlükəsizlik Nazirliyinin) arxivləri açılandan sonra bəlli oldu ki, Karlhayns Şedlix xüsusi xidmətin agenti imiş və hamını, o cümlədən də öz qardaşını satırmış...
Onlar uşaqlıqdan çox yaxın idilər. Karlhayns balaca qardaşına üzməyi və çərpələng uçurtmağı öyrətmiş, sonralar macəra ədəbiyyatına və casus romanlarına olan marağını sirayət etdirməyə çalışmışdı. Amma kiçik qardaşı – Hansı – görünməz cəbhənin döyüşçüləri o qədər də cəzb etmirdi, əksinə, onların ikili həyatında qeyri-təbii, eybəcər bir şey görürdü. Sonralar o, bu baxışını məşhur “Talhover” romanında böyük ustalıqla əks etdirmişdi. Romanın qəhrəmanı həm kayzerə, həm Veymar respublikasına, həm faşistlərə, həm də kommunistlərə canla-başla xidmət edən siyasi polis əməkdaşıdır. Və Hans sanki özü də bilmədən onun simasında böyük qardaşının obrazını yaratmışdı. Qardaşının satqınlığı barədə isə o, çox sonralar – 1990-cı illərin əvvəllərində özünün Ştazinin arxivindəki dosyesi ilə tanış olanda bilmişdi. Və qardaşı ilə əlaqəsini birdəfəlik kəsmişdi...
Karlhayns isə heç nə olmamış kimi həyatını sürürdü. O əmin idi ki, qardaşı məsələnin üstünü açmayacaq. Və doğrudan da, Hans ölənə qədər bu barədə danışmadı. Amma bu dünyada nə gizli qalır ki?! 2006-cı ildə məşhur yazıçı, Nobel mükafatçısı Günter Qrass və bir vaxtlar mahnılarına görə ADR vətəndaşığından məhrum edilmiş dissident müğənni Volf Birman öz dosyelərində Karlhaynsın “donos”larını aşkar etdilər və məsələ geniş ictimaiyyətə bəlli oldu. Karlhayns bu biabırçılığa tab gətirmədi...
Karlhayns Şedlixin hələ ADR dövründə çap olunmuş kitablarından biri Mitford bacılarından bəhs edirdi. Zadəgan nəslindən olan bu bacılar 1930-cu illərdə ingilis cəmiyyətini heyran qoymuşdular. Altı bacıdan ikisi Hitlerin pərəstişkarı, ikisi isə alovlu kommunist olmuşdu. Onlardan Yuniti adlı biri nasist Almaniyasına gəlmiş və füreri özünə valeh etmişdi. Bir ara o, Yeva Braunun ciddi rəqibi sayılırdı. Amma İkinci Dünya Müharibəsi başlayanda Yuniti intihar etmək qərarına gəldi və Münhen parklarının birində skamyada oturaraq gicgahına atəş açdı... 2007-ci ildə Karlhayns Şedlix də eyni üsulla intihar etdi...
Bütün bu əhvalatları qələmə alan Suzanne Şedlix “atanız öz qardaşını bağışlamışdımı?” sualına: “İndi bunun heç bir əhəmiyyəti yoxdur” – deyə cavab vermişdir.
P.S. Almaniya birləşdikdən sonra məlum olub ki, həmin ərəfədə Ştazinin 90 mindən çox rəsmi, 150 minə yaxın qeyri-rəsmi əməkdaşı varmış...
Subscribe to:
Post Comments (Atom)
el yazı teşekkürler paylaşımınız için sevgiler
Sağ olun.