O, Azərbaycanın görkəmli şairi, poeziyamızın bənzərsiz ismi Əli Kərimin oğludur, böyük bir insanın cismani və (ən mühümü!) mənəvi-ruhani davamçısıdır. Təqdimat üçün elə bu da yetərlidir. Amma mənim üçün o həm də səmimi və etibarlı dost, ciddi və istedadlı həmkardır. Onunla eyni ildə müdafiə etmişik. Özü də eyni dövrdən. Mən XVII yüzillikdə farsdilli poeziyanın bayraqdarı Saib Təbrizidən, o isə həmin əsrdə türkdilli şeirin ustadı Qövsi Təbrizidən. Bu da bizi bağlayan amillərdən biridir.
Paşanı çoxdan görmürəm. Onun 50-ni haqladığını dünən təsadüfən bildim. (Sonra “Ədəbiyyat qəzeti”ndən Yazıçılar Birliyinin rəsmi təbrikini və dostumuz Arif Əmrahoğlunun onun haqqında qısa, isti yazısını oxudum). Bir az gözlənilməz oldu mənimçün. Sonra düşündüm: Paşa da, bəziləri kimi, yubileyinin yaxınlaşdığını beş-altı ay qabaqcadan anons edəsi deyildi ki?!
Paşanı çoxdan tanıyıram. Bu tanışlığın dostluğa çevrilməsində bir nəfərin xüsusi rolu olub. O da hazırda Almaniyada yaşayan dəyərli tədqiqatçı Məhəmmədəli Hüseynidir. Hə, belə də olur: bir nəfər Berlində oturub Bakıda yaşayan iki adamı yaxınlaşdırır. Bunun üçün, görünür, Məhəmmədəli bəy kimi Şəmslə (Şəms Təbrizi ilə) eyni şəhərdən olmalısan...
Paşa Əlioğlunun, rəsmi dillə desək, bütün əmək fəaliyyəti Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu ilə bağlıdır. Hazırda həmin İnstitutun elmi işlər üzrə direktor müavinidir. Ağır təşkilati işlər, bitib-tükənməyən ailə qayğıları içərisində o, gərgin yaradıcılıq axtarışları aparmağı da bacarır, sanballı elmi nəticələrini ortaya çıxarır. Son illərdə bir-birinin ardınca çap etdirdiyi qiymətli kitablar buna sübutdur: Qövsi Təbrizi divanının elmi-tənqidi mətni, Qövsi divanının tekstoloji tədqiqi, Mürtəzaqulu xan Şamlunun divanı, “XVII əsr Azərbaycan lirikası”... İndi bir az ayrı zamandır. Başqa vaxt olsaydı, bu kitablar elmi mühitdə səs salardı. Çünki Paşa Əlioğlunun tədqiqatları, onun min bir əziyyətlə müxtəlif əlyazmalardan qətrə-qətrə toplayıb üzə çıxardığı mətnlər ədəbiyyat tariximizin mənzərəsini xeyli dərəcədə dolğunlaşdıran, bir çox hallarda isə formalaşmış təsəvvürləri dəyişdirən ciddi işlərdir. Bu işlər bu gün də olmasa, sabah öz həqiqi qiymətini alacaq. Amma Paşa qiymət hayında deyil: başını aşağı salıb təvazökarlıq və fədakarlıqla öz işini görür, bir araşdırmanı bitirməmiş o birinə başlayır; haçan yanına getsən, iş otağındakı iri masasının üstünə əlyazmaların, kitabların, qəzet və jurnalların səpələndiyini görərsən.
Bizdə, bir qayda olaraq, klassik ədəbiyyatla məşğul olanlar modern ədəbiyyatı ya bilmir, ya oxusalar da, onu estetik baxımdan qəbul etmirlər. Və əksinə. Paşa bu mənada istisnadır. Klassik poeziya üzrə mütəxəssis olsa da, o müasir Azərbaycan və dünya ədəbiyyatını gözəl bilir, onun dilinə, estetikasına, fəlsəfəsinə dərindən bələddir. Vaxtaşırı mətbuatda işıq üzü görən tərcümələri də bunun göstəricisidir. Əli Kərim ocağının yetirməsi, yəqin ki, elə belə də olmalıdır.
Paşa ilə Əli Kərimdən, nəsə, çox danışmamışıq. Olan söhbətlərimizdə bir şey daim diqqətimi çəkib: Paşanın öz atasına elə bizim kimi “Əli Kərim” deməsi. İş elə gətirib ki, oxuduğum Şərqşünaslıq fakültəsində, işlədiyim Şərqşünaslıq İnstitutunda Azərbaycanın tanınmış şair və yazıçılarının, alim və incəsənət xadimlərinin övladları ilə yoldaş, həmkar olmuşam. Hamısı da onlardan danışanda “atam” (ya da “papam”) deyib. Paşa isə istisnadır: o, atasından söz açanda “Əli Kərim” deyir. Və bu, mənim üçün çox mənalı bir məqamdır...
Paşa ilə dostluğumun məndən ötrü bir “praktik faydası” da var: o, Əlyazmalar İnstitutunun məhdud tirajla nəşr etdirdiyi, satışa demək olar ki, verilməyən çox qiymətli kitablardan həmişə mənə bir nüsxə saxlayır. Bilirəm ki, xeyli vaxtdır görüşmədiyimizdən, orada nəsə yığılıb. Gərək gedib kitablarımı götürəm, özünə də deyəm:
- Əzizim Paşa! Yubileyin mübarək! Əllini aşırdın, yüzə nə qaldı?! Yüzündə görüşək, inşallah!
P.S. Təqribən iki il əvvəl Paşa Əlioğlu mənim “Tədqiqlər və tərcümələr” adlı kitabım barədə “Xəzər” qəzetində bir yazı çap etdirmişdi. Neçə vaxt idi ki, həmin yazını “Cahan” adlı bloqumun uyğun bölməsində yerləşdirməyi düşünürdüm. Amma, neyçünsə, günü-günə satdım, gəlib çıxdı Paşanın yubileyinə. Bəlkə də elə belə olmalıymış, nə bilim. Həmin yazını BURADAN oxuya bilərsiniz.
Subscribe to:
Post Comments (Atom)
0 şərh
ŞƏRH YAZ