
Uolles 1962-ci ildə Nyu-York ətrafında filosof ailəsində doğulmuşdur. Ədəbi karyerası son dərəcə uğurlu alınmışdır: 24 yaşında çap etdirdiyi “Sistemin süpürgəsi” ("The Broom of the System") romanı bütün ABŞ miqyasında böyük marağa səbəb olmuşdur. 1996-cı ildə işıq üzü görmüş “Sonsuz zarafat” ("Infinite Jest") romanı isə Uollesə beynəlxalq şöhrət gətirmiş və onu ABŞ-ın əsas ədəbi fiquruna çevirmişdir. Bu roman nüfuzlu “Taym” jurnalı tərəfindən “1923-2005-ci illərin 100 ən yaxşı ingilisdilli romanı” siyahısına daxil edilmişdir. Təqribən 1000 səhifəlik romanda hadisələr narkomaniyadan müalicə mərkəzində və elitar tennis məktəbində cərəyan edir.
Tənqidçilərin fikrincə, Uollesin əsərləri xüsusi ironiya və dərin psixologizmlə seçilir. Onun digər bir məşhur kitabı 1999-cu ildə çıxmış “İyrənc insanlarla qısa müsahibələr” (“Brief Interviews with Hideous Men”) adlı hekayələr toplusudur ki, hazırda onun əsasında Hollivudda film çəkilir.
Uolles ədəbi yaradıcılıqla yanaşı 2002-ci ildən bəri Kaliforniyadakı Pomona kollecində dərs deyirdi. Həmin kollecin kollektivi yazıçının ölüm xəbərini dərin üzüntü ilə qarşılayıb. Rektor Qari Keyts deyib: “O öz tələbələrinin dərindən qayğısını çəkirdi və bir çox gənc insanların həyatını dəyişdirmişdi. Bu, bizim üçün çox böyük itkidir”.
Qeyd edək ki, yazıçının ölümü onun əsərlərinə tələbatı da xeyli artırıb: bu günlər “Sonsuz zarafat” romanı 20 ən çox satılan kitab sırasında yer alıb.
0 şərh
ŞƏRH YAZ