
Xüsusi təqdimata ehtiyacı olmasa da, yada salaq ki, Riçard Rayt 1943-cü ilin iyulunda doğulmuş, Londonda politexnik kollecdə oxuyarkən, Rocer Uoters və Nik Meysonla tanış olmuş, onların «Siqma 6» adlı qrupuna qoşulmuşdu. Az sonra Sid Barret gəldi və 1965-ci ildə tarixin ən möhtəşəm rok qrupunun – «Pink Floyd»un tarixi başlandı. 1968-ci ildə Devid Gilmor «qızıl dördlüyü» tamamladı.
Rayt «Pink Floyd»un misilsiz melodikasının əsas yaradıcısı idi. Özü deyirdi ki, əvvəl melodiyanı tapır, sonra isə ona sözlər «oturdulur».
1980-ci ilin əvvəllərində Rayt qrupdan ayrılıb solo karyerasına başladı. Bir neçə albom buraxsa da, elə bir uğur qazanmadı – onun göbəyi «Pink Floyd»a kəsilmişdi. Onun qrupdan gedişini Uoterslə ixtilafı ilə əlaqələndirirdilər. Özü isə belə deyirdi: «Pink Floyd» daimi məhkəmə çəkişməsində olan nikah kimidir».
Hər halda 1987-ci ildə, artıq Uotersin gedişindən sonra o, qrupa qayıtdı. O zaman Uotersin kəskin etirazlarına baxmayaraq, Meyson və Gilmor hələ də «Pink Floyd» adı altında çıxış edirdilər.
Onlar bir də 2005-ci ildə klassik tərkibdə – dördlükdə toplaşıb yoxsulluqla mübarizəyə həsr olunmuş «Live 8» şousunda çıxış etdilər…
Riçard Rayt getdi və yeri boş qaldı. Devid Gilmor demişkən: «Heç kəs onu əvəz edə bilməz»…
0 şərh
ŞƏRH YAZ