“ÜRƏYİMDƏ HƏSRƏT YÜKÜ...”

Yazar: Məsiağa Məhəmmədi | 12.3.10 | | 1 şərh »
Dərd adamı şair eləyir. Həyatdan vaxtsız getmiş mərd və xeyirxah insan Nizami Məmmədcanlının vəfatından bir müddət əvvəl işıq üzü görmüş “Yenidən bir ömür yaşaya bilsəm” adlı kitabını vərəqlədikcə, buna bir daha əmin olursan...

Nizami müəllim, şübhəsiz, heç bir ədəbi iddiası olmayan şəxsiyyət idi. Tanrı ona həssas ürək, kifayət qədər güclü söz duyumu, fikirlərini sərrast ifadə edə bilmək qabiliyyəti bəxş etsə də, doğulub boya-başa çatdığı qədim türk-oğuz yurdunda – Qərbi Azərbaycanda yaşadığı çağlarda bəlkə heç ağlına da gətirmirdi ki, haçansa qələmə əl atacaq, görüb-duyduqlarını misralara düzəcək; çünki o torpağın saz-söz mühiti bu incə qəlbli insanın mənəvi ehtiyacını ödəyirdi və Nizami müəllim öz ixtisasına uyğun qaynar ictimai-təsərrüfat fəaliyyəti ilə məşğul olurdu.

Amma... dövran dəyişdi, fələyin çarxı çöndü və Nizami Məmmədcanlı da yüz minlərlə soydaşımız kimi doğma el-obasından didərgin düşdü, Bakıya pənah gətirdi:

Taleyimə nəydi belə bu çıxdı,
Şimşək çaxdı, köhlənimi tez yıxdı...


Tam fərqli həyat ritminə malik bir mühitə düşən, ömrün sanki yarıda qırıldığını hiss edən, illər ötdükcə yurd həsrəti ovunmayıb daha da şiddətlənən Nizami müəllim istər-istəməz qəlb çırpıntılarını poetik biçimdə ifadə etməli oldu, sadəcə şeir yox, öz taleyini yazdı:

Didir ürəyimi həsrət ilə qəm,
Tək-tənha qalmışam qarda-sazaqda.
Bəzən gözlərimdə qaralır aləm,
İsitmir canımı od da, ocaq da –
Ağbabadan uzaqda.

Dəyişib elə bil suların səsi,
Sanki özgələşib ot da, yarpaq da.
Səngiyib dağların odlu nəfəsi,
Həsrətim göynəyir ana torpaqda –
Ağbabadan uzaqda.

Həsrət göynərtisi, nisgil havası “Yenidən bir ömür yaşaya bilsəm” kitabında toplanmış şeirlərin, demək olar, hər bəndinə, hər misrasına hopmuşdur. Bu mənada, fikrimcə, kitabın bədii-estetik dəyərindən çox, qismətinə qaçqınlıq yazılmış insanın duyğu və düşüncələrini əks etdirməsi önəmlidir. Ümumiyyətlə, son illər müxtəlif janrlarda qələmə alınmış mətnlərdən ibarət bu tipli çoxsaylı kitablar nəşr olunur. Həmin kitabların başlıca əhəmiyyəti yaşadığımız faciələrin canlı mənzərəsini yaratmaqla yanaşı, qaçqın soydaşlarımızda, xüsusən onların artıq başqa mühitdə dünyaya göz açıb böyüyən övladlarında Ermənistan adlanan torpaqlarımıza bağlılığın, o torpaqlara mənsubluq duyğusu və şüurunun qorunub-saxlanmasına xidmət etməsindədir. Nizami Məmmədcanlının kitabı da bu qəbildəndir.
Kitaba ön söz yazmış filologiya elmləri doktoru, professor Buludxan Xəlilov onun ideya-mövzu dairəsini dəqiqliklə müəyyənləşdirmişdir: “Nizami Məmmədcanlının yaradıcılığını stimullaşdıran cəhətlər bunlardır: vətən dərdi, el-obaya bağlılıq, insanlara qiymət, hər şeyin qədrini bilmək, duz-çörəyi itirməmək, sədaqətli və sadiq olmaq, sözünün ağası olmaq və s.”. Odur ki, mən Nizami müəllimin şeirlərində mərkəzi yer tutan bir obraza – dağ obrazına diqqəti yönəltmək istəyirəm. Qədim türk düşüncəsinin əks-sədası olan bu obrazda müəllifin yurd həsrəti, o yurda qayıtmaq ehtirası sıxılmış, rəmzləşmiş inikasını tapmışdır:

Ziyarətdə yenə qar qar üstədir,
Gözlərim yol çəkir, qulaq səsdədir.
Ürəyim gen düşüb sizdən, xəstədir,
Yenə gəlib sizi görəm, a dağlar.


Dağ obrazının ən yüksək ifadəsini kəlbəcərli şair Bəhmənə həsr olunmuş şeirdə görürük. Həmin şeirdə müəllif özünün dağa çevrilmək istəyini dilə gətirir:

Dağlarımız qoşa-qoşa,
Könül oxu dəydi daşa,
Gəlsənə, verək baş-başa,
Dönək dağa, daşa, Bəhmən!


Fikrimcə, bu misralar müəllifin doğma el-obasına, onun hər daşına-qayasına, çayına, gölünə, çəməninə... hədsiz məhəbbətinin təsirli poetik ifadəsi kimi dəyərləndirilə bilər.
Əlbəttə, Nizami Məmmədcanlının vətən sevgisi ata-baba yurdu ilə məhdudlaşmır. Kitabda onun Bakıya, Gəncəyə, Naxçıvana, erməni işğalında olan Şuşaya həsr olunmuş şeirlərinə rast gəlirik. Bu isə onun Azərbaycanı bütöv gördüyünün, bütöv görmək istədiyinin təzahürüdür. “Xocalıda qopan haray” poeması ayrıca qeyd olunmalıdır. Burada müəllifin Xocalı qətliamını törədənlərə hiddət və nifrəti emosional ifadəsini tapmışdır:

Xocalının harayı
Səs saldı yer üzünə.
Görəsən, bu dünyanın
Əyrisi nə, düzü nə?
Hanı insaf, ədalət?!..

Xocalı faciəsi
Tarixlərdən gələn səs
Bu qanı, bu qadanı
Heç kəs unuda bilməz.


Göründüyü kimi, Nizami Məmmədcanlı özünün də məruz qaldığı tarixi ədalətsizliklərin unudulmamasına çağırır və çalışırdı. Bu mənada kitabda yer almış Ağbaba folklorundan nümunələr olduqca əlamətdardır. Müəllif Ağbaba mahalında geniş yayılmış “Qaçaq Usuf” dastanını, əfsanə və rəvayətləri, inanc və sınamaları yazıya almaqla, etnik yaddaşımızın bir parçasını itib-batmaqdan xilas etmiş və buna görə hələ sağ ikən rəhmət qazanmışdır.
Nizami Məmmədcanlı həyatının son gününə qədər bitib-tükənməyən bir şövq və ümidlə doğma torpağa qayıtmaq, yarımçıq qalmış ömrü yenidən yaşamaq istəyirdi.

Ürəyimdə həsrət yükü,
Öz yurduma tələsirəm


– söyləyirdi.

Dönəcəyəm bir gün
pərvanə kimi
ocağının başına.
Dönəcəyəm, ana torpaq,
dağlarının qucağında,
yurdun ulu daşına


– deyirdi. Olmadı. Həssas ürəyi yurd itkisindən doğan ağrılara, yuxusunu ərşə çəkən fikirlərin ağırlığına tab gətirmədi. 59 yaşında dünyasını dəyişdi. Neyləmək olar?! Özü demişkən:

Qədər ki Allahdan gələr,
Kimə əvvəl, kimə sonra.


Allah rəhmət eləsin...


1 şərh

  1. Anonymous // May 22, 2010 at 3:18 AM  

    گزارش صدای آمریکا از بازداشت شش فعال آذربایجانی در مغان در گفتگو با برادر رامین جباری روزنامه نگار آذربایجانی
    www.ramincabbarli.blogfa.com
    www.nadirezizi.blogfa.com
    www.hafizserdarpur.blogfa.com