FARS ŞAİRİ SÖHRAB SİPEHRİ VƏ FRANSIZ ƏDİBİ MİŞEL UELBEKİN
ƏSƏRLƏRİ AZƏRBAYCAN OXUCUSUNUN İXTİYARINA VERİLİB


Ötən gün Yazıçılar Birliyində (AYB) Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Dünya ədəbiyyatı” dərgisinin texniki iştirakıyla “525-ci qəzet”in “525 kitab” seriyasından nəşr olunan iki yeni kitabın təqdimatı keçirilib. Bu dəfə görkəmli fars və fransız ədibləri Söhrab Sipehrinin “Suyun ayaq səsi”, Mişel Uelbekin “Sağ qalma” kitabları oxuculara təqdim edilib.
Seriyanın rəhbəri, AYB-nin katibi və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid sözügedən layihənin mahiyyəti və əhəmiyyəti haqqında danışıb. AYB katibi 2008-ci ildən start götürən layihənin nəticəsində indiyədək bir sıra tanınmış yazıçı və şairlərin əsərlərinin işıq üzü gördüyünü vurğulayıb: “Bu il sözügedən layihə çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə artıq 4 kitab ictimaiyyətə təqdim edilib. Onlardan Çingiz Abdullayevin və Səlim Babullaoğlunun kitabları bir müddət öncə təqdim olunub. İndi kitablarının təqdimatını keçirdiyimiz Söhrab Sipehri və Mişel Uelbekin kitablarının Azərbaycanda nəşri də önəmli hadisədir”.

R.Məcid bundan sonra layihə çərçivəsində daha səkkiz müəllifin – Elçin Hüseynbəyli, İlqar Fəhmi, Fikrət Sadıq, Natiq Rəsulzadə, Boris Pasternak, Qismət, Səməd Səfərov və Aysel Əlizadənin kitablarının nəşr ediləcəyini vurğulayıb. Seriyanın rəhbəri layihənin həyata keçirilməsinə yardım edən Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib. Kitabların min tirajla nəşrini qənaətbəxş göstərici adlandıran AYB katibi onların 600-nün Nazirliyin xəttilə ölkə kitabxanalarına, qalan 400-nün isə “525-ci qəzet”in abunəçilərinə və müəlliflərə pulsuz paylanacağını deyib.
Seriyanın tərtibçisi və redaktoru, şair-tərcüməçi Səlim Babullaoğlu təqdim olunan kitabların müəlliflərinin dünya ədəbiyyatında tutduqları mövqeyə aydınlıq gətirib: “Söhrab Sipehri XX əsr yenidilli fars poeziyasının ilk beşliyinə daxil olan maraqlı şairlərdən biridir. Onu təkcə fars ədəbiyyatının deyil, dünya ədəbiyyatının əhəmiyyətli imzası kimi tanıyırlar. İnanıram ki, bu iki şairin kitablarının nəşri oxucuların Şərq və Qərb ədəbiyyatına müqayisəli baxışını təmin edəcək”.
S.Sipehrinin əsərlərini fars dilindən tərcümə edən tanınmış şərqşünas, filologiya elmləri namizədi Məsiağa Məhəmmədi şairin bədii yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb: “Söhrab Sipehri istər “yeni şeir”in gəlişməsinə verdiyi töhfə, istərsə də yaradıcılıq üslubu baxımından diqqəti çəkir. Təsadüfi deyil ki, özündən sonrakı poetik nəslə ciddi təsir edən Sipehri poeziyasına bütün dünyada maraq ilbəil artmaqda, əsərləri müxtəlif dillərə tərcümə edilməkdədir. Sipehrinin şəxsiyyətinə özəl marağı şərtləndirən amillərdən biri də budur ki, o, İran mədəniyyəti tarixinə təkcə böyük şair kimi deyil, həm də dünyaca məşhur modernist rəssam kimi daxil olub”.
Filologiya elmləri doktoru, professor Mehdi Kazımov hər iki kitabın nəşrinin fransız və fars xalqları ilə mədəni əlaqələrimizin genişlənməsində rol oynayacağını bildirib.
Ədəbiyyatşünas alimlərdən Qurban Bayramov, Nüşabə Əlizadə, Zümrüd Rəhimovanın çıxışlarında əsas fikir belə olub ki, bu layihə təkcə milli ədəbiyyatımızın deyil, dünya ədəbiyyatının da görkəmli imzalarını oxuculara tanıdır: “Ədəbiyyatın, kitabın təbliğatı istiqamətində əhəmiyyətli iş görərək bu seriyanı həyata keçirən şəxslərin, qurumların, xüsusən Mədəniyyət və Turizm Nazirliyinin bu fəaliyyəti alqışa layiqdir”.
Qeyd edək ki, S.Sipehrinin “Suyun ayaq səsi” kitabında M.Məhəmmədinin tərcüməsində müəllifin şeirləri və bir poeması, M.Uelbekin “Sağ qalma” toplusunda isə S.Babulloğlu, Adil Mirseyid və Pərviz Yusifin dilimizə çevirdiyi esse və şeirləri yer alıb.

SARA

Qaynaq: http://525.az/view.php?lang=az&menu=6&id=12130


ŞƏRQ VƏ QƏRB ƏDƏBİYYATLARINDAN YENİ TƏRCÜMƏLƏR


Martın 10-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda fars şairi Söhrab Sipehri və fransız şairi Mişel Uelbekin şeirlər kitablarının təqdimatı keçirilib. “525-ci qəzet”in “525 kitab” seriyası çərçəvəsində Mədəniyət və Turizm nazirliyinin dəstəyi ilə çap olunan bu kitablardan 20-ci əsr fars şairi Söhrab Sipehrinin “Suyun ayaq səsi” kitabında onun eyniadlı poeması və yaradıcıliğının müxtəlif dövrlərində yazdığı seirlər dərc olunub. Bu poema və şeirləri fars dilindən Azərbaycan dilinə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “İran filologiyası” şöbəsinin müdiri, filologiya elmləri namizədi Məsiağa Məhəmmədi tərcümə edib. Müasir fransız şairi Mişel Uelbekin esselər və şeirlərindən ibarət “Sağ qalma” kitabı isə 2-ci dildən – rus dilindən Səlim Babullaoglu, Adil Mirseyid və Pərviz Yusif tərəfindən tərcümə olunub.
Tədbiri idarə edən “525-ci qəzet”in qəzetin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid rəhbəri olduğu “525 kitab” seriyası çərçəvəsində nəşr olunan kitablardan söz açdı və bu dəfə təqdim olunan kitablardan birinin Şərq, digərinin isə Qərb ədəbiyyatını təmsil etdiyini bildirərək, bu kitabların əhəmiyyətindən danışdı.
“525 kitab” seriyasının tərtibçisi və redaktoru Səlim Babullaoglu Söhrab Sipehrinin “Suyun ayaq səsi” kitabının fars dilindən birbaşa tərcümə olduğuna görə xüsusi dəyərini qeyd etdi. O, tədbir iştirakçılarına Söhrab Sipehri və Mişel Uelbekin həyat və yaradıcıligı haqqında qısa məlumat verdi.
Filologiya elmləri namizədi Məsiağa Məhəmmədi ümumiyyətlə Azərbaycanda Şərq dillərindən edilən tərcümələrdən söz açdı və fars ədəbiyyatından edilən tərcümələrdə müdiri olduğu Şərqşünaslıq İnstitutu “İran filologiyası” şöbəsinin əməkdaşlarının xüsusi xidmətləri olduğunu qeyd etdi. M.Məhəmmədi şeirlərini tərcümə etdiyi Söhrab Sipehrinin fars ədəbiyyatında yerindən söz açdı.
Sonra çıxış edən filologiya elmləri doktoru Mehdi Kazımov, filologiya elmləri namizədləri Nüşabə Əlizadə, Zümrüd Rəhimova və başqaları M.Məhəmmədinin elmi tədqiqatlarının və tərcümələrinin Azərbaycan şərqşünaslıq elmində xüsusi yeri olduğunu qeyd etdilər və Söhrab Sipehridən də edilən tərcümələrin əhəmiyyətini vurğuladılar. Çıxış edənlər eyni zamanda rəssam olan Söhrab Sipehrinin təsviri sənət əsərləri ilə poeziyası arasında bir vəhdətin olduğunu dedilər.
Tədbirdə çıxış edənlər eyni zamanda Mişel Uelbekin də yaradıcılığını və onun əsərlərindən edilən tərcümələri yüksək qiymətləndirdilər.

Vüqar Məmmədov,
filologiya elmləri namizədi


Qaynaq: http://orientalstudies.az/az/news/10_mart_2010.html

0 şərh