DAHA BİR DAHİ ANILACAQ

Yazar: Məsiağa Məhəmmədi | 16.1.09 | | 0 şərh »
2007 – MÖVLANA, 2008 – KAŞĞARLI, 2009 – KATİB ÇƏLƏBİ...

YUNESKO yenicə qədəm qoyduğumuz 2009-cu ili Katib Çələbi ili elan edib. Bu qərar dahi alimin anadan olmasının 400 illiyi ilə əlaqədardır. Yubileylə bağlı bütün dünyada, özəlliklə Türkiyədə bir çox tədirlərin keçirilməsi nəzərdə tutulur, hətta bu işə artıq başlanılıb.
Katib Çələbi dünya elmi tarixində özünəməxsus yer tutan ensiklopedik zəka sahiblərindən biridir. Çox da uzun olmayan həyatı boyunca müxtəlif elm sahələri üzrə onun gördyü işlər bu günün özündə də heyrət doğurmaya bilməz. Üstəlik o, elmi fəaliyyəti dövlət işi və müəllimliklə uğurla birləşdirmiş nadir şəxsiyyətlərdəndir. Ərəb və fars dilləri ilə yanaşı, latın dilini də bilən Katib Çələbi hələ XVII əsrdə Şərq ilə Qərbin elmi nailiyyətlərini sintezləşdirən bir alim olmuşdur.
Hacı Xəlifə (Qərbdə “Haci Kalfa”) adı ilə də məşhur olan Katib Çələbi (Mustafa ibn Abdullah) 1609-cu ildə İstanbulda hərbçi ailəsində doğulub. Gənc yaşlarından Osmanlı ordusunun mühasibatında xidmətə başlayaraq, çoxsaylı səfərlərə çıxıb, o cümlədən, Bağdada, Həmədana, İrəvana hərbi yürüşlərin iştirakçısı olub. On ildən artıq davam edən bu səfərlərdən sonra özünü bütünlüklə elmi araşdırmalara və tədrisə sərf edib. 1657-ci ildə dünyasını dəyişib.

Katib Çələbi tarix, coğrafiya, biblioqrafiya, ilahiyyat və s. sahələrdə onlarla əsərin müəllifidir. Bunlardan ona ən çox şöhrət gətirəni, şübhəsiz, “Kəşfüz-zünun” adlı bio-biblioqrafik əsəridir. Ərəbcə yazılmış bu əsərdə 14.500 kitab və 10.000-ə yaxın müəllif barəsində məlumatlar verilir. Haqqında danışdığı kitabları elmlərin Aristotel təsnifatına söykənərək, əlifba sırası ilə verən Katib Çələbi bu əsər üzərində iyirmi il çalışmışdır.
Katib Çələbinin coğrafiyaya dair “Cahannüma” əsəri də məşhurdur və bir çox dillərə tərcümə olunmuşdur. Yerin kürəşəkilli olmasını isbatlayan dəlilləri ehtiva edən bu kitabda Katib Çələbi Yaponiyadan tutmuş Anadoluyadək böyük bir ərazinin bitki və heyvanat aləmi barədə qiymətli məlumatları toplamışdır.
Alimin tarixi mövzuda yaxdığı “Fəzləkə” əsəri iki hissədən ibarətdir: ərəb dilində olan birinci hissədə dünyanın yaranışından 1639-cu ilə qədərki önəmli hadisələr və dövlətlər haqqında məlumat verilir; türkcə yazılmış ikinci hissə isə 1591-1654-cü illəri əhatə edən Osmanlı tarixidir.
Katib Çələbinin ən qiymətli əsərlərindən biri də dənizçilikdən bəhs edən “Töfhətül-kibar” kitabıdır. Burada yaranışından 1656-cı ilə qədər Osmanlı donanmasının tarixi, onun apardığı döyüşlər öz əksini tapmışdır...
Azərbaycan alimləri öz tədqiqatlarında Katib Çələbinin əsərlərindən (xüsusilə “Kəşfüz-zünun”dan) bol-bol istifadə etmişlər. Ümid edək ki, bu dahi insanın yubileyi ölkəmizdə də qeyd olunacaq.


0 şərh