BU, ODUR: ÇİNGİZ XAN

Yazar: Məsiağa Məhəmmədi | 7.1.09 | | 0 şərh »

Bəli, şəkildə gördüyünüz 2000-ci ildə YUNESKO tərəfindən bütün dövrlərin ən böyük sərkərdəsi elan olunmuş Çingiz xanın Monqolustandakı heykəlidir. Abidənin açılışı ötən ilin yayında olub, amma hələ tikilib qurtarmamışdan təkcə yerli əhalinin deyil, xarici turistlərin də diqqətini çəkib, onların ziyarətgahına çevrilib.
Dünyanın ən nəhəng abidələrindən biri olan bu heykəlin qoyulması barədə qərar Monqolustan hökuməti tərəfindən 2006-cı ildə – Böyük Monqol dövlətinin yaranmasının 800 illiyi münasibətilə qəbul edilib və onun inşasına 10 milyon dollar vəsait ayrılıb. Həmin ərəfədə bir vaxtlar SSRİ-nin yardımı ilə tikilmiş Ulan-Bator beynəlxalq aeroportuna Çingiz xanın adı verilib. Abidənin qoyulduğu yer də aeroportun yaxınlığında, avtomobil yollarının kəsişməsində – Ulan-Bator şəhərinin 53 kilometrliyindədir.

Hündürlüyü 40 metr olan Çingiz xan abidəsinin qurulmasına iki ildən də artıq vaxt sərf olunub. Heykəlin 10 metr hündürlüklü postamentində restoranlar, kino-teatr və muzey yerləşir. Muzeyin ekspozisiyası 37 monqol xanının həyat və fəaliyyətini əks etdirir…

0 şərh