“BÖYÜK DİVAN” İŞIQ ÜZÜ GÖRDÜ

Yazar: Məsiağa Məhəmmədi | 20.3.09 | | 0 şərh »
Görkəmli İran alimi Məhəmmədrza Şəfii-Kədkəni Mövlana Cəlaləddin Ruminin (1207-1273) odlu-alovlu qəzəllərini ehtiva edən “Böyük divan” (“Divani-kəbir”), yaxud “Şəms Təbrizi qəzəlləri” üzərində 35 illik araşdırmalarına, nəhayət ki, yekun vurub. Tehrandakı “Süxən” nəşriyyatı onun tərtib, təshih və təfsir etdiyi “Şəms Təbrizi qəzəlləri”ni iki cilddə (1600 səhifədən çox) oxuculara təqdim edib. Ümumən kitabda 1075 qəzəl və 256 rübai yer alıb.
Kitabın birinci cildinin 150 səhifəsi Şəfii-Kədkəninin geniş və əhatəli müqəddiməsindən ibarətdir ki, burada o, divanın əvvəlki nəşrlərini təhlil etmiş, özünün tərtib və təshih prinsiplərini açıqlamış, eləcə də Mövlananın həyat və yaradıcılığından, onun mənəvi aləminin özəlliklərindən söhbət açmışdır.

Tərtibçi Mövlana qəzəllərinin bugünkü oxucuya anlaşıqlı olmasına maksimum səy göstərib; bunun üçün qəzəllərin mətni ilə yanaşı, leksik-qrammatik izahlar, fəlsəfi-irfani terminlər, ayə və hədislər, yer və şəxs adları barədə bilgilər də onun ixtiyarına verilib.
“Şəms Təbrizi divanı” 1950-60-cı illərdə məşhur tədqiqatçı Bədiüzzaman Füruzanfər tərəfindən on cilddə çap edilmiş və dünya şöhrəti qazanmışdır. Şəfii-Kədkəninin tərtib etdiyi mətn Füruzanfər çapından sonra Mövlana lirikasının autentik nəşri və əsaslı şərhi yönündə növbəti ciddi addım kimi dəyərləndirilir.
Onu da deyək ki, Şəfii-Kədkəni hələ 1973-cü ildə təqribən eyni üsulla “Divani-kəbir”dən seçmələri çap etdirmişdi. Mövlana və Şəms vurğunları tərəfindən böyük rəğbətlə qarşılanan həmin kitab o zamandan bəri 40 dəfədən də artıq təkrar nəşr olunmuşdur.


0 şərh