ŞƏHRİYARIN QIZI NARAHATDIR

Yazar: Məsiağa Məhəmmədi | 18.9.08 | | 0 şərh »

Böyük Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın dünyasını dəyişməsinin 20 illiyi tamam olur. Bəs özündən sonra zəngin ədəbi irs qoyub getmiş ustadın əlyazmaları harda və necə saxlanır?
Şairin vəfatının ildönümü ərəfəsində bu barədə açıqlama verən qızı Məryəm Behcət Təbrizi atasına məxsus əlyazmaların saxlanma şəraiti ilə bağlı narahatlığını ifadə edib.
Məryəm xanım deyib ki, ailə üzvləri indiyə qədər bir neçə dəfə Şəhriyarın əlyazmalarını toplamağa cəhd edib, lakin müəyyən səbəblərdən buna müvəffəq olmayıb. “Biz həmçinin dəfələrlə təklif etmişik ki, atamın əlyazmaları Milli Sənədlər İdarəsinə köçürülsün və orada daha yaxşı şəraitdə saxlansın” – deyə o, əlavə edib.

Qeyd edək ki, şairin əlyazma irsinin böyük bir qismi Şəhriyar Ədəbi Muzeyində saxlanmaqdadır. Bu muzey şairin vəfatından sonra Təbriz şəhər bələdiyyəsi tərəfindən Şəhriyarın yaşadığı evdə yaradılıb.
Məryəm xanım vurğulayıb ki, İranda müəllif hüquqları ilə bağlı qanunvericiliyə əsasən, yazıçının ölümündən sonra 30 il müddətində onun əlyazmalarının saxlanması ailəsinin öhdəsinə düşür. “Amma biz Şəhriyar Ədəbi Muzeyinin açılışı zamanı əmanət olaraq verdiyimiz əlyazmaları hələ də geri ala bilməmişik” – deyə şairin qızı gileylənib.
Məryəm Behcət Təbrizi həmçinin dövlətin dəstəyi ilə Şəhriyar əlyazmalarının toplanması, tədqiqi və nəşri üzrə ayrıca fondun yaradılması təklifini irəli sürüb. O bildirib ki, Şəhriyarın əlyazmaları içərisində, eləcə də onun dostları və qohumlarında indiyə qədər çap olunmamış əsərləri var, buna görə də şairin əlyazmaları bir yerə toplanmalı və mövcud nəşrlərlə tutuşdurulmalıdır.


0 şərh