MÖVLANA QƏZƏLLƏRİ POLYAK DİLİNDƏ

Yazar: Məsiağa Məhəmmədi | 21.9.08 | | 0 şərh »

Krakovda ötən il 800 yaşı bütün dünyada təntənə ilə qeyd olunmuş dahi şair və mütəfəkkir Mövlana Cəlaləddin Ruminin (1207-1273) seçmə qəzəllərinin tərcüməsindən ibarət «Sözlərin keçidində» adlı kitab işıq üzü görmüşdür. Qəzəllərin polyak dilinə tərcüməçisi ixtisasca iranşünas olan 54 yaşlı Marek Smojinskidir.
Kitabda Mövlananın 32 qəzəli və mütərcimin geniş ön sözü (49 səhifəlik) yer almışdır. Ön sözdə Mövlananın həyatı və əsərləri barədə ətraflı məlumat verən M.Smojinski onun yaradıcılığında üç dini-ideoloji ənənənin – buddizm, zərdüştilik və islam – çulğaşdığını vurğulamışdır.
Kitaba əlavə olunmuş «Könüllər» adlı CD onun dəyərini daha da artırır. Həmin CD-yə M.Smojinskinin və Polşanın tanınmış opera müğənnisi Mariuş Koluçun ifasında Ruminin farsca beş, polyakca iki qəzəli yazılmışdır. Qəzəllərin oxunuşu tar, ney, rübab və s. musiqi alətlərinin çalğısı ilə müşayiət olunur.

Bundan başqa kitabda hər səkkiz səhifədən bir Mövlana beytlərini əks etdirən xəttatlıq nümunələri verilmişdir. Polşanın məşhur qrafika ustası Katajina Bruzda tərəfindən çəkilmiş səkkiz illüstrasiya isə kitaba xüsusi gözəllik bəxş edir. Yeri gəlmişkən, kitabın üz qabığı da həmin rəssam tərəfindən işlənmişdir.
Kitabın nəşrindən və satışa buraxılmasından keçən qısa müddət onun polyak oxucuları tərəfindən böyük maraqla qarşılandığını üzə çıxarmışdır. Marek Smojinski mətbuata verdiyi açıqlamada bu marağı Mövlana qəzəllərinin heyrətamiz ritmikliyi və ümumbəşəri ruhu ilə əlaqələndirmişdir.


Davamı

ƏLVİDA, RAYT!

Yazar: Məsiağa Məhəmmədi | 21.9.08 | | 0 şərh »

Əfsanəvi «Pink Floyd» qrupunun banilərindən biri Riçard Rayt (Richard Wright) Britaniyada dünyasını dəyişib. Musiqiçinin mətbuat katibinin verdiyi məlumata görə, 65 yaşlı Rayt xərçənglə qısa mübarizədən sonra gözlərini əbədi olaraq yumub.
Xüsusi təqdimata ehtiyacı olmasa da, yada salaq ki, Riçard Rayt 1943-cü ilin iyulunda doğulmuş, Londonda politexnik kollecdə oxuyarkən, Rocer Uoters və Nik Meysonla tanış olmuş, onların «Siqma 6» adlı qrupuna qoşulmuşdu. Az sonra Sid Barret gəldi və 1965-ci ildə tarixin ən möhtəşəm rok qrupunun – «Pink Floyd»un tarixi başlandı. 1968-ci ildə Devid Gilmor «qızıl dördlüyü» tamamladı.
Rayt «Pink Floyd»un misilsiz melodikasının əsas yaradıcısı idi. Özü deyirdi ki, əvvəl melodiyanı tapır, sonra isə ona sözlər «oturdulur».

1980-ci ilin əvvəllərində Rayt qrupdan ayrılıb solo karyerasına başladı. Bir neçə albom buraxsa da, elə bir uğur qazanmadı – onun göbəyi «Pink Floyd»a kəsilmişdi. Onun qrupdan gedişini Uoterslə ixtilafı ilə əlaqələndirirdilər. Özü isə belə deyirdi: «Pink Floyd» daimi məhkəmə çəkişməsində olan nikah kimidir».
Hər halda 1987-ci ildə, artıq Uotersin gedişindən sonra o, qrupa qayıtdı. O zaman Uotersin kəskin etirazlarına baxmayaraq, Meyson və Gilmor hələ də «Pink Floyd» adı altında çıxış edirdilər.
Onlar bir də 2005-ci ildə klassik tərkibdə – dördlükdə toplaşıb yoxsulluqla mübarizəyə həsr olunmuş «Live 8» şousunda çıxış etdilər…
Riçard Rayt getdi və yeri boş qaldı. Devid Gilmor demişkən: «Heç kəs onu əvəz edə bilməz»…


Davamı

BLOQÇULUQ HƏM DƏ TƏHLÜKƏLİ İŞDİR

Yazar: Məsiağa Məhəmmədi | 21.9.08 | | 0 şərh »

Bu yaxınlarda Mərakeşdə qəribə bir məhkəmə prosesi keçirilib: 29 yaşlı Məhəmməd ər-Raci öz bloqunda yazdığı sözlərə görə iki il həbs cəzasına məhkum olunub və 626 dollar cərimə edilib.
İttihama əsasən, bu gənc «Hespress» adlı saytdakı bloqunda Mərakeş kralı VI Məhəmmədi təhqir edib. O yazıb ki, kral mərakeşliləri ləyaqət hissindən məhrum varlıqlara çevirib və onları hökumətin verdiyi «tulapayı» yardımlar hesabına yaşamağa öyrəşdirib. Məsələn, hökumət vətəndaşlara taksi sürmək üçün lisenziya paylayır və bununla da onlarda işləmək, çalışmaq duyğusunu öldürür.
«Röyters» agentliyinin bildirdiyinə görə, ər-Racinin məhkəməsi cəmi 10 dəqiqə çəkib və müttəhimə özünü müdafiə üçün söz demək imkanı verilməyib.
Qeyd edək ki, kral ailəsinin şəninə toxunan sözlər yazmaq təkcə Mərakeşdə cinayət sayılmır. Məsələn, bir müddət əvvəl Tailandda hakim ailənin ləyaqətini aşağılayan məlumatlar yaymaq ittihamı ilə təqribən 400 (!) saytı bağlayıblar.

Rusiya tarixində bloqçu üzərində ilk məhkəmə prosesi isə bu ilin əvvəllərində olub: Sıktıvkarda tanınmış musiqiçi və bloqçu Savva Terentyevi jurnalist Boris Suranovun «Livejournal»dakı bloquna yazdığı şərhə görə (!) Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsi (hər hansı sosial qrupu – indiki halda milisi – təhqir etmək, yaxud ona qarşı nifrət və düşmənçiliyə təhrik etmək) ilə ittiham ediblər. Bu hadisənin səsi hətta Rusiya Dövlət Dumasına da gedib çıxmışdı.
Məsələnin ciddiliyini Vaşinqton universitetinin əməkdaşları tərəfindən hazırlanmış «World Information Access» adlı məruzə daha aydın göstərir. Həmin məruzəyə əsasən, son beş ildə 64 bloqçu həbs edilmişdir. Onlardan 36-sı 2007-ci ildə tutulmuşdur ki, bu da 2006-cı ildəkindən 3 dəfə çoxdur.
Məruzə müəlliflərinin fikrincə, bloqçuların həbsinin çoxalması internet gündəliklərinin (bloqların) siyasi həyatda rolunun artması ilə əlaqədardır. Onlar qeyd edirlər ki, ən çox həbslər siyasi qeyri-müəyyənlik dövrlərinə, məsələn, seçkilərin, kütləvi etiraz aksiyalarının keçirildiyi dönəmlərə təsadüf edir.
Həbs olunmuş bloqçuların sayına görə Asiya və Yaxın Şərq ölkələri irəlidə gedir. Belə ki, 2007-ci ildə tutlan bloqçuların yarıdan çoxu Çin, Misir və İran vətəndaşlarıdır.
Bununla belə son illər ABŞ, Kanada, İngiltərə, Fransa kimi ölkələrdə də bloqçulaın həbsi halları baş vermişdir. Bloqçuların orta həbs müddəti 15 aydır. Bu sahədə rast gəlinmiş ən uzunmuddətli həbs cəzası isə 8 il olmuşdur.


Davamı

MƏŞHUR YAZIÇI ÖZÜNÜ ASIB

Yazar: Məsiağa Məhəmmədi | 21.9.08 | | 0 şərh »

Tanınmış Amerika yazıçısı Devid Foster Uolles (David Foster Wallace) Kaliforniyadakı mənzilində özünü asıb. Axşam evə qayıdan həyat yoldaşı 46 yaşlı ərinin öldüyünün şahidi olub və bu barədə dərhal polisə xəbər verib. İntiharın səbəbi kimi Uollesin uzun illər əziyyət çəkdiyi depressiyanın son aylar daha da şiddətlənməsi göstərilir.
Uolles 1962-ci ildə Nyu-York ətrafında filosof ailəsində doğulmuşdur. Ədəbi karyerası son dərəcə uğurlu alınmışdır: 24 yaşında çap etdirdiyi “Sistemin süpürgəsi” ("The Broom of the System") romanı bütün ABŞ miqyasında böyük marağa səbəb olmuşdur. 1996-cı ildə işıq üzü görmüş “Sonsuz zarafat” ("Infinite Jest") romanı isə Uollesə beynəlxalq şöhrət gətirmiş və onu ABŞ-ın əsas ədəbi fiquruna çevirmişdir. Bu roman nüfuzlu “Taym” jurnalı tərəfindən “1923-2005-ci illərin 100 ən yaxşı ingilisdilli romanı” siyahısına daxil edilmişdir. Təqribən 1000 səhifəlik romanda hadisələr narkomaniyadan müalicə mərkəzində və elitar tennis məktəbində cərəyan edir.

Tənqidçilərin fikrincə, Uollesin əsərləri xüsusi ironiya və dərin psixologizmlə seçilir. Onun digər bir məşhur kitabı 1999-cu ildə çıxmış “İyrənc insanlarla qısa müsahibələr” (“Brief Interviews with Hideous Men”) adlı hekayələr toplusudur ki, hazırda onun əsasında Hollivudda film çəkilir.
Uolles ədəbi yaradıcılıqla yanaşı 2002-ci ildən bəri Kaliforniyadakı Pomona kollecində dərs deyirdi. Həmin kollecin kollektivi yazıçının ölüm xəbərini dərin üzüntü ilə qarşılayıb. Rektor Qari Keyts deyib: “O öz tələbələrinin dərindən qayğısını çəkirdi və bir çox gənc insanların həyatını dəyişdirmişdi. Bu, bizim üçün çox böyük itkidir”.
Qeyd edək ki, yazıçının ölümü onun əsərlərinə tələbatı da xeyli artırıb: bu günlər “Sonsuz zarafat” romanı 20 ən çox satılan kitab sırasında yer alıb.


Davamı

DÜNYADA ƏN UCUZ KOMPÜTERLƏR

Yazar: Məsiağa Məhəmmədi | 21.9.08 | | 0 şərh »

Hindistan Cənub-şərqi Asiya və Amerikanın kütləvi texnoloji məhsullarına bir növ cavab olaraq, dünyada ən ucuz notbuk və stolüstü kompüterləri bazara buraxıb.
Hindlilərin istehsal etdiyi notbukun çəkisi 2.2 kiloqramdır, İntel prosessoru və Windows əməliyyat sistemi ilə dəstəklənir. Onun qiyməti 1500 hind rupisidir. Təklif olunan stolüstü kompüterlər isə 1200 rupiyədir, həmçinin İntel prosessoru və Windows əməliyyat sistemi ilə dəstəklənir.

Bu kompüterlərin istehsalçısı olan “Zenith Computers” şirkətindən bildiriblər ki, həmin məhsullar cari ilin sonuna qədər Hindistan və Çin bazarında kütləvi satışda olacaq.
Qeyd edək ki, hazırda 46 hind rupisi 1 ABŞ dollarına bərabər tutulur. Bu hesabla sözügedən notbukun qiyməti 32.6 dollar, stolüstü kompüterin qiyməti isə 26 dollardır!


Davamı

ŞƏHRİYARIN QIZI NARAHATDIR

Yazar: Məsiağa Məhəmmədi | 18.9.08 | | 0 şərh »


Böyük Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın dünyasını dəyişməsinin 20 illiyi tamam olur. Bəs özündən sonra zəngin ədəbi irs qoyub getmiş ustadın əlyazmaları harda və necə saxlanır?
Şairin vəfatının ildönümü ərəfəsində bu barədə açıqlama verən qızı Məryəm Behcət Təbrizi atasına məxsus əlyazmaların saxlanma şəraiti ilə bağlı narahatlığını ifadə edib.
Məryəm xanım deyib ki, ailə üzvləri indiyə qədər bir neçə dəfə Şəhriyarın əlyazmalarını toplamağa cəhd edib, lakin müəyyən səbəblərdən buna müvəffəq olmayıb. “Biz həmçinin dəfələrlə təklif etmişik ki, atamın əlyazmaları Milli Sənədlər İdarəsinə köçürülsün və orada daha yaxşı şəraitdə saxlansın” – deyə o, əlavə edib.

Qeyd edək ki, şairin əlyazma irsinin böyük bir qismi Şəhriyar Ədəbi Muzeyində saxlanmaqdadır. Bu muzey şairin vəfatından sonra Təbriz şəhər bələdiyyəsi tərəfindən Şəhriyarın yaşadığı evdə yaradılıb.
Məryəm xanım vurğulayıb ki, İranda müəllif hüquqları ilə bağlı qanunvericiliyə əsasən, yazıçının ölümündən sonra 30 il müddətində onun əlyazmalarının saxlanması ailəsinin öhdəsinə düşür. “Amma biz Şəhriyar Ədəbi Muzeyinin açılışı zamanı əmanət olaraq verdiyimiz əlyazmaları hələ də geri ala bilməmişik” – deyə şairin qızı gileylənib.
Məryəm Behcət Təbrizi həmçinin dövlətin dəstəyi ilə Şəhriyar əlyazmalarının toplanması, tədqiqi və nəşri üzrə ayrıca fondun yaradılması təklifini irəli sürüb. O bildirib ki, Şəhriyarın əlyazmaları içərisində, eləcə də onun dostları və qohumlarında indiyə qədər çap olunmamış əsərləri var, buna görə də şairin əlyazmaları bir yerə toplanmalı və mövcud nəşrlərlə tutuşdurulmalıdır.


Davamı

“QIZIL ALMA” FESTİVALI BAŞA ÇATDI

Yazar: Məsiağa Məhəmmədi | 1.9.08 | | 0 şərh »


Güney Azərbaycan şairlərinin iştirak etdiyi “Qızıl Alma” sərbəst şeir festivalının nəticələri bəlli olub. Aylardan bəri davam edən bu müsabiqəyə yüzlərlə şair öz əsərlərini təqdim edib. Münsiflər heyəti göndərilən yazıları öncədən elan edilmiş prinsiplər əsasında araşdıraraq, ilk beş yeri tutan müəlliflərin adlarını açıqlayıb. Bunlar aşağıdakılardır:
1. Səid Muğanlı;
2. Ziba Kərbasi;
3. Elvar Qulivənd;
4. Duman Ərdəm;
5. Türkan Urmulu.

Qeyd edək ki, festival gedişində onun təşkilatçısı “İmlər” saytına müəyyən texniki problemlər yaradılsa da, bu, müsabiqənin uğurla başa çatmasına mane ola bilməyib.
Yaxın gələcəkdə isə həmin sayt tərəfindən “Qızıl Almaçılar”adlı şeir toplusu nəşr ediləcək. Topluda festivalın adı çəkilmiş qalibləri ilə yanaşı, Heydər Bayat, Məlihə Əzizpur, Rəsul Yunan, Arəş Sai, Elyad Musəvi, Aydın Araz, Bulud Xəzəroğlu, Əli Cavadpur, Alma Muğanlı, Məhəmməd Səfəri, Qiyam İslami, Mina Fərəhmənd, Türkeş Əfşar, Məhəmməd Sübhdil, Aydın Rövşən, Ruqəyyə Vəidi, Xosrov Sülhkonəndə, Məsud Haray, Lida Əhmədi kimi şairlərin müsabiqəyə təqdim olunmuş şeirləri yer alacaq.


Davamı